AzVision.az-ın fəaliyyətə başlamasından 7 il ötür

  01 Oktyabr 2019    Oxunub : 3824
 AzVision.az-ın fəaliyyətə başlamasından 7 il ötür
Bu gün AzVision.az xəbər saytının fəaliyyətə başlamasının 7 ili tamam olur. Gündəlik 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və erməni dillərində xəbərlər yayan sayt 2012-ci ilin oktyabrın 1-də işə başlayıb.
Əyləncə və şou xarakterli məlumatlara yer ayırmayan AzVision.az ölkədə və dünyada baş verən mühüm hadisələrlə bağlı operativ xəbərlər yayır, müsahibə, təhlil, araşdırma, reportaj, sorğu və digər fərqli layihələrini oxuculara təqdim edir.

İctimai-siyasi xarakterli ciddi media quruluşu olmağı qarşısına məqsəd qoymuş 7 yaşlı sayt Azərbaycanın onlayn xəbər məkanında sayılıb-seçilən, oxucuların etibar etdiyi və ictimai rəyin formalaşmasında mühüm rol oynayan önəmli KİV-lərdən birinə çevirilib.

AzVision.az-ı hər gün on minlərlə oxucu izləyir, saytda sutka ərzində 100-dən çox informasiya tirajlanır.

Saytda multimedia materiallarına da üstünlük verilir. Gündəlik xəbərlər ingilis və alman dilli oxuculara video formatında təqdim olunur.

AzVision.az-ın “Facebook”, “Tvitter”, “İnstagram” və “Youtube” hesabları da aktiv fəaliyyət göstərir. Bu hesablar vasitəsilə gün ərzində əsas xəbərlər sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırılır.

Bundan əlavə, AzVision.az informasiya savaşında xüsusi fəallığı ilə seçilir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, düşmənin informasiya təxribatlarının qarşısının alınması, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin milli-mənəvi, dövlətçilik maraqlarının qorunması xəbər saytının əsas prioritet istiqamətlərini təşkil edir.

AzVision.az-ın kollektivi adından bu əlamətdar gün münasibətilə dəyərli oxucularımızı təbrik edirik, bundan sonra da onlara maraqlı xəbərlər çatdırmağa çalışacağıq.

Azvision.az

Teqlər: AzVision   Xəbər   Sayt   Ad-günü