Məktəblilər arasında yarış keçirilib

  01 Oktyabr 2019    Oxunub : 616
Məktəblilər arasında yarış keçirilib
Quba rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Quba rayonundakı məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda milli-mənəvi dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev məktəblilərin milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan vermək baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, dəyərlərimizin təbliği və inkişafında təhsil mühüm yerlərdən birini tutur. Hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. R.Qurbanov vurğulayıb ki, təhsilli və intellektli gənc milli və mənəvi dəyərlərimizin qoruyucusu və təbliğatçısıdır. O, Fond tərəfindən başladılan "Dəyərlərimizi öyrənək"adlı layihənin əsas məqsədinin gənclər arasında dəyərlərimizin təbliğini gücləndirmək, unudulmaqda olan dəyərlərimizin qorunması işinə töhfə vermək olduğunu bildirib. Dəyərlərimizin təbliğatçısı olan intellektli məktəbliləri bir araya gətirən “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində bu günə qədər Bakı, Sumqayıt, SabirabadGöyçayda intellektual yarışlar həyata keçirilib. Bu layihənin əsas məqsədlərindən biri də savadlı region məktəblilərinin tanıdılması, həmçinin müxtəlif şəhər və rayonlardan olan məktəbliləri bir araya gətirərək əsas dəyərimiz olan dostluğun onlar arasında daha da gücləndirilməsidir.

Tədbirdə iştirak edən Quba rayon Təhsil Şöbəsinin "Tərbiyə işinin təşkili" üzrə metodisti Mehparə Rüstəmova çıxışında bu kimi layihələrin icra olunmasının yetişməkdə olan gənc nəsil arasında mənəvi dəyərlərimizin təbliği baxımından çox əhəmiyyət daşıdığını bildirərək Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlığını ifadə edib və intellektual yarış iştirakçılarına uğurlar arzulayıb.

Maraqlı mübarizə şəraitində keçən yarışda rayonun 3 komandası qalib gələrək müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. Birinci yeri tutan Quba şəhəri 6 saylı tam orta məktəbin "Şahinlər" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək üçün diplomlarla təltif edilib. İkinci yeri tutan Quba şəhəri 4 saylı tam orta məktəbin "Hikmət" və üçüncü yerə layiq görülən Quba şəhəri Texniki Təmayüllü liseyin "TTL" komandalarının üzvləri müvafiq olaraq sertifikatlarla təltif olunub.

Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizi öyrənək” adlı layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakı şəhərində keçriliməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: Mənəvi-Dəyərlərin-Təbliği-Fondu