Dilqəm Əsgərov qardaşına məktub göndərdi

  Dilqəm Əsgərov qardaşına məktub göndərdi
  01 Oktyabr 2019    Oxunub:8051
Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov qohumlarına məktub göndərib.
Bu barədə Azvision.az -a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, məktub əmisi Sahib Əsgərovun adına göndərilib.

“Mən məktub almamışam, BQXK-nın nümayəndələri ilə görüşmüşəm. Bildiriblər ki, atamın səhhətində ciddi bir problem yoxdur, normaldır. Atam əmimə məktub yazıb. Məktub bir neçə cümlədən ibarətdir: “Salam, mənə görə narahat olmayın. Səhhətim normaldır və s”. Nümayəndələrin şifahi dediyi sözlər məktubda yazılı formada verilib. Mən onlarla görüşdə də dedim ki, indiyə kimi deyirdiniz, atam özü məktub yazamaq istəmir. İndi məktub yazıbsa, siz onun video görüntüsünü və ya şəklin də gətirə bilərdiniz. Ən azından bir dəqiqəlik görüntü gətirin, görək, atam sağ- salamatdır?! Ailməzin narahatlığını nəzərə almalıdırlar. Ancaq quru sözlərdən ibarət, doğruluğu bəlli olmayan məlumatlarla gəlirlər”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Girov   Dilqəm-Əsgərov   Kəlbəcər  





Xəbər lenti