Milli Məclisdə boş qalan deputat yerləri

 Milli Məclisdə boş qalan deputat yerləri
  02 Oktyabr 2019    Oxunub:5600
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətə baxılıb. MSK üzvləri müraciəti müzakirə edərək səsverməyə çıxarıblar. Qərara əsasən, Rafael Cəbrayılov deputat mandatından məhrum edilib.
Azvision.az xəbər verir ki, bununla da Milli Məclisdə deputatların sayı 125-dən 118-dək azalıb.

Belə ki, Prezident İlham Əliyevin 2018-ci il aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin Milli Məclisdəki deputatı Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsinin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsinin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Dövlət başçısının ötən il aprelin 21-də imzaladığı sərəncamla 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Həmçinin, 2017-ci ildə Azərbaycanın Birinci-vitse prezidenti təyin edilən Mehriban Əliyevanın deputat mandatına (14 saylı Xəzər ikinci seçki dairəsi) xitam verilib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilən Astan Şahverdiyev isə 2018-ci ilin aprel ayında vəfat edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Deputat   MM  





Xəbər lenti