Xocavəndin işğal günü ilə bağlı anım tədbiri keçirilib

Xocavəndin işğal günü ilə bağlı anım tədbiri keçirilib
  02 Oktyabr 2019    Oxunub:2768
Oktyabrın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Xocavənd rayonundan olan ziyalılar iştirak ediblər.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocavəndin təcavüzkar Ermənistan tərəfindən işğalına imkan yaradan hərbi-siyasi səbəblər haqqında danışıb, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin naşı və səriştəsiz idarəçiliyi nəticəsində ölkənin dərin böhran keçirdiyini qeyd edib. Xatırladılıb ki, Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin qəhrəman sakinləri özünümüdafiə qüvvələri yaradaraq uzun müddət düşmənə müqavimət göstərsələr də, 1992-ci il oktyabrın 2-də erməni silahlıları rayonu işğal ediblər. Onların 1992-ci ilin fevral ayında rayonun Qaradağlı kəndində törətdikləri kütləvi qırğın isə Qarabağda xalqımıza qarşı ilk soyqırımı kimi yaddaşlara əbədi həkk olunub və dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb.

Xocavənddən didərgin düşmüş əhalinin diqqət və qayğı ilə əhatə olunmasının ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayan komitə sədri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən və qüdrətlənən müstəqil dövlətimizin həm məcburi köçkünlərin problemlərinin həlli, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ardıcıl və təsirli tədbirlər həyata keçirdiyini bildirib. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları siyahısındadır. Ərazi bütövlüyümüzün bərpası üçün bütün imkanlara malik olan Azərbaycan Ordusu öz gücünü 2016-ci ilin aprel ayında aydın şəkildə göstərdi. Bununla da torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Bununla belə, Azərbaycan münaqişənin dinc vasitələrlə həllinə tərəfdardır və sülh razılaşmasının əldə edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün səylərini əsirgəmir. O da qeyd edilib ki, digər məcburi köçkünlər kimi, xocavəndlilərin də normal həyat şəraiti ilə təmin olunması məsələsini Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır və bu məqsədlə zəruri tədbirlər görür.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri, rayon ziyalılarının nümayəndələri çıxış edib, torpaqlarımızın azad edilməsi üçün Azərbaycanın dövlətinin apardığı məqsədyönlü və ardıcıl siyasətin tezliklə nəticə verəcəyinə, xalqımızın qələbə gününü də qeyd edəcəyinə böyük ümid və inam bəslədiklərini deyiblər. Xocavəndin 40 mindən çox əhalisi hazırda respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşıb. Onlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Anım tədbirində çıxış edən xocavəndli ziyalılar və ictimai fəallar buna görə dövlətimizin rəhbərinə minnətdarlıq bildiriblər.

Sonda Xocavənd rayonunun işğalından bəhs edən film nümayişi olunub.

Azvision.az


Teqlər: Xocavənd   İşğal   Komitə   Tədbir  





Xəbər lenti