Əhməd bəy Ağaoğlunun nəticəsi: “Bakıya ilk dəfə turist kimi gəlmişdim” - EKSKLÜZİV MÜSAHİBƏ

  03 Oktyabr 2019    Oxunub : 7512
 Əhməd bəy Ağaoğlunun nəticəsi: “Bakıya ilk dəfə turist kimi gəlmişdim” - EKSKLÜZİV MÜSAHİBƏ
"Ailəmizin ən böyük arxivi məndədir"

Oktyabrın 2-də M. Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli mütəfəkkiri, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150-ci ildönümü münasibətilə yubiley mərasimi keçirilib. Tədbirdə Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəticəsi də iştirak edib.
Əhməd bəy Ağaoğlunun adını daşıyan nəticəsi Azvision.az-ın suallarını cavablandırıb və babasının Bakıda muzeyinin yaradılacağını, onun arxivinin ölkəmizə gətiriləcəyini bildirib.

Əhməd bəylə eksklüziv müsahibəni təqdim edirik:

- Bundan əvvəl Azərbaycana gəlmişdinizmi, yoxsa ilk səfərinizdir?

- Bu, mənim Bakıya ikinci gəlişimdir. Təxminən 8 ay əvvəl Azərbaycana turistik gəzintiyə gəlmişdim. O zaman demək olar ki, çox adamın səfərimdən xəbəri yox idi. Məqsədim şəhəri rahat gəzmək idi. Buna görə də gələcəyimi heç kimə bildirməmişdim. Ancaq görünür ki, bundan sonra tez- tez gələcəyəm. Bakıda muzeyin yaradılması ilə bağlı layihə var. Əhməd bəy Ağaoğlunun, ailəmizin ən böyük arxivi məndədir. Bu səbəbdən artıq Bakı ilə əlaqələrim güclənir.

- Sizin nə işlə məşğul olduğunuzu bilmək istərdik...

- 10 il əvvələ qədər fotoqraf kimi çalışırdım. Reklam agentliyində işləyirdim. İndi isə Adanada fermerliklə məşğulam.

- Ağaoğlu nəslini sizdən sonra kim davam etdirəcək?

- Mənim iki oğlum var, amma hələ nəvələrim yoxdur. Onlar da Azərbaycanla yenidən qurulmuş əlaqələri möhkəmləndirməyə çalışacaqlar. Arxivlərlə məşğul olacaqlar. Çünki bir zamanlar bu əlaqələr itmişdi.



- Vaxtilə Türkiyədə yaşamış digər azərbaycanlı ziyalı mühacirlərin varisləri ilə əlaqəniz varmı?

- Xeyir, əlaqələrimiz yoxdur.

- Bakı ilə bağlı təəssüratlarınızı bilmək istərdik. Şəhərimizi bəyəndinizmi?

- Şəhər çox gözəldir. Mən bura ilk dəfə turist kimi "Formula -1" yarışlarını izləməyə gəlmişdim. Bakını çox bəyəndim.

- Amma siz fotoqrafsınız, baxışınız fərqli olmalıdır. Məsələn, şəhərimizin hansı hissələrini çəkib xatirə saxlamaq istərdiniz?

- Mən 30 il qida sektoru üzrə fotoqraf işləmişəm. Buna görə sualınıza cavab verməkdə çətinlik çəkirəm. Yəqin ki, mənim baxışım turist baxışı olar. Həm də qeyd edim ki, mən əvəllər işimdən əlavə foto çəkməyi sevmirdim. Çünki foto çəkəndə bir şeyləri artıq görmürsən. Fikrini cəmləyib xoşladığın görüntünü ekranlaşdırırsan.

- Ulu babanız Əhməd bəy haqqında nələri bilirsiniz? Onunla bağlı hansı xatirələri eşitmisiniz?

- Təəssüf ki, mən adını daşıdığım ulu babamı görə bilməmişəm. Onun haqqında ailəmizdə çox söhbətlər olub. Əhməd bəylə bağlı çox danışmaq olar. Buna zaman yetməz. Bu gün də qürur duyuram ki, onun 150 illik yubileyində Ağaoğlu ailəsini Bakıda təmsil edirəm. Heyif ki, ulu babamı şəxsən tanıya bilməmişəm. Təsəllim bu olacaq ki, Bakıda onun muzeyini yaradacağıq. Əlimdəki arxivi onun vətəninə bağışlayacağam.

Qeyd edək ki, Əhməd bəy Səməd Ağaoğlunun nəvəsi, Tektaş Ağaoğlunun oğludur.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Əhməd-bəy-Ağaoğlu