21 ailə “Şanxay”dan çıxmır - Pul alanlar məhkəməyə verildi

  03 Oktyabr 2019    Oxunub : 3340
 21 ailə “Şanxay”dan çıxmır - Pul alanlar məhkəməyə verildi
Hamının "Şanxay" kimi tanıdığı ərazidə, daha dəqiq desək, P. Fərzəliyev küçəsində (Dəmir Yolunun 2-ci blok-post – Böyük Şor mənzilində və 2-ci blok- post Əhmədlidə) evi mühafizə zolağına düşən 455 nəfərin mənzil şəraiti yaxşılaşdırılıb. 21 ailə isə evini tərk etməkdən imtina edib.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, 21 ailədən 13-nə kompensasiya ödənilsə də, evlərini tərk etməyiblər.

"Məsələyə hüquqi qiymətin verilməsi üçün məhkəməyə müraciət olunub. Digər 8 nəfər isə vəsaiti almaqdan imtina edib. Dünya təcrübəsində olduğu kimi, "Azərbaycan Dəmir Yolları"nda da sürətli qatarların təhlükəsiz hərəkəti və insanların təhlükəsizliyinin təmin olunması üçün mühafizə zolağı boyunca, xüsusilə təhlükəli ərazilərdə çəpərləmə və hasarlama işləri aparılır".

Qeyd edilib ki, dəmir yolunun təhkim zolağındakı adıçəkilən tikililərin hamısı qeyri-qanuni olub. Nazirlər Kabineti 23 fevral 2005-ci ildə “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları“nın təsdiq edilməsi haqqında“ 33 saylı qərar qəbul edib.

"Sənədin müvafiq bölməsində vurğulanıb ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Həmin ərazidə hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Şanxay