Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Bakıya gələcək

  03 Oktyabr 2019    Oxunub : 988
 Türkiyə Aerokosmik Agentliyinin rəhbəri Bakıya gələcək
Türkiyənin İstanbul şəhərində Birləşmiş Millətlər Təşkilatı (UN), Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı (APSCO), Türkiyənin TÜBİTAK UZAY mərkəzi və Türkiyə Kosmik Agentliyi tərəfindən beynəlxalq konfrans təşkil olunub.
Müdafiə Sənayesi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Hindistan, Pakistan, Sinqapur, İtaliya, Kanada, Çili, Peru və Türkiyənin bir çox nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanı Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Hacı oğlu Cavadov təmsil edub.

“Kosmik Hüquq və Siyasət” mövzusuna həsr olunmuş tədbirdə Kosmosun təhlükəsiz və sülh naminə istifadəsinin təşviqi, kosmik fəaliyyətlə əlaqədar milli qanun və siyasət çərçivələri, kosmik texnologiyaların tətbiqi ilə davamlı inkişafın təmin olunması, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi, iqtisadi inkişafın stimullaşdırılması yolları kimi mühüm məsələlər müzakirə edilib.

Konfrans çərçivəsində professor Natiq Cavadov bir sıra dövlətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirib. Həmin görüşlərdən birində Türkiyə Aerokosmik Agentliyinin rəhbəri cənab Sərdar Hüseyin Yıldırım yaxın zamanda Azərbaycana səfər edəcəyini və Milli Aerokosmik Agentliyinin fəaliyyəti ilə əyani tanış olacağını bildirib.

Konfransın gedişi zamanı həmçinin, BMT-nin siyasət və hüquq məsələləri bölümünün sədri və xarici kosmik işlər üzrə rəhbəri cənab Niklas Hedman, Sinqapur Aerokosmik Agentliyinin prezidenti cənab Jonathan Hung, TÜBİTAK UZAY-ın idarə heyətinin sədri cənab Lokman Kuzu, APSCO-nun baş direktor müavini cənab Aziz Koru, ASELSAN-ın peyk yükləmə proqramları üzrə direktoru xanım Alime Özyıldırım, TÜRKSAT-ın peyk əməliyyatları üzrə vitse-prezidenti cənab Hasan Hüseyin Ertokla qarşılıqlı əməkdaşlıq üzrə müzakirələr keçirilib, informasiya mübadiləsinin təşkilinin, müştərək tədqiqat işlərinin həyata keçirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Azvision.az

Teqlər: MSN   Türkiyə