3 ildir müəllim axtaran məktəb - Kənddə qızları oxumağa qoymurlar

  3 ildir müəllim axtaran məktəb -    Kənddə qızları oxumağa qoymurlar
  03 Oktyabr 2019    Oxunub:2365
"Məktəbimizdə kimya və biologiya müəllimi çatışmır. Artıq 3 ildir ki, bu fənlər üzrə şagirdlərə dərs keçirilmir".

Azvision.az xəbər verir ki, bunu KİV nümayəndələrinin Qubaya mediaturu zamanı Nurəddin Rzayev adına Əspərasti kənd tam orta məktəbin direktoru Füzuli Məlikov deyib.
Onun sözlərinə görə, iki fənn üzrə vakant yer olsa da, müraciət edən yoxdur: "Məktəbimizdə 23 müəllim var. Onlardan 4- ü Təhsil Nazirliyinin xətti ilə gəlib. Həmin müəllimlər çox yüksək səviyyədə dərs keçirlər. Kimya və biologiya fənləri üzrə çətinliyimiz var. Bu fənləri tədris edəcək müəllim olmadığı üçün şagirdlərə dərs keçə bilmirik. 3 ildir ki, kimya müəllimi axtarışındayıq. Ötən il biologiya fənni üzrə müəllim gəlmişdi, biz ona kimya dərsini də vermişdik, uğurlu alınırdı. Amma o, yerdəyişmə ilə Bakıya qayıtdı".



Direktor qeyd edib ki, kənddə qızların təhsilə daha çox cəlb edilməsinə çalışsalar da, valideynlər onları oxumağa qoymurlar.

"Ötən il 9-cu sinifdə iki qız şagirdimiz var idi. Onları təhsillərini davam etdirməyə qoymadılar. Biz valideynlərlə bu barədə söhbətlər edirik. Müxtəlif səbəblər göstərirlər, oxutmağa imkan olmadığını bildirirlər və ya oxutmaq istəmədiklərini deyirlər. Valideyinlərə başa salırıq ki, qızın oxumağı daha vacibdir. Ötən il bir qız məzunumuz Lənkəran Dövlət Universitetinə qəbul olub. Onun atası isə 47 yaşında Gəncə Dövlət Pedaqoji Universitetinə daxil olub".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Quba   Məktəb   Direktor  





Xəbər lenti