“26 ildir Azərbaycan xalqı sabitlik şəraitində yaşayır” - Prezident

  04 Oktyabr 2019    Oxunub : 1222
 “26 ildir Azərbaycan xalqı sabitlik şəraitində yaşayır” - Prezident
"İşğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında deyib.

Prezident bildirib ki, ölkədə oyuncaq, xalqazidd, satqın Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu müstəqilliyin ilk illəri istisna olmaqla, 26 ildir Azərbaycan sabitlik şəraitində yaşayır:

"Burada əsas xidmət vətəndaş müharibəsinin qarşısını almış, işğalı dayandırmış, xaosun, dağıntının öhdəsindən gəlmiş və Azərbaycanı quruculuq yoluna çıxarmış Prezident Heydər Əliyevə məxsusdur. Beləliklə, 26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir".

Ölkə başçısı çıxışında qeyd edib: "Qarşımızda duran beynəlxalq gündəliklə yanaşı, əlbəttə, biz diqqətimizi iqtisadi inkişafla bağlı daxili problemlərə yönəldirik. Bu istiqamətdə böyük nəticələr əldə olunub. Azərbaycan xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Məlumat üçün deyim ki, Rusiya 6-cı yerdədir. Biz rəqib deyilik, lakin həmişə ən yaxşı nəticələrə istiqamətlənirik. Yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib. İqtisadi artım sosial problemlərin həllinə də imkan verir. Bu il minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz artıb. Biz müasir texnologiyalara sərmayə qoyuruq, əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycan 3 peyki olan ölkədir. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən peykdir".

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Valday