Piketlə mitinqin fərqi, yaxud, Radikallar nəyə hazırlaşır?!

      Piketlə mitinqin fərqi,    yaxud, Radikallar nəyə hazırlaşır?!
  05 Oktyabr 2019    Oxunub:18285
"Milli Şura" və AXCP-nin paytaxtın mərkəzində piket keçirməsinə icazə veriləndən sonra müxaliflər bu razılığı yanlış şəkildə təqdim edərək, əhalini çaşdırmağa başlayıblar.
Müxalifətə verilən icazəyə əsasən, onlar oktyabrın 8-i, saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirə bilərlər. Söhbət məhz PİKETdən gedir, mitinqdən yox. Amma Milli Şura və AXCP insanları həmin aksiyaya səsləmək üçün geniş təbliğata başlayıblar.

Piket nədir?

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanununda "piket" anlayışı açıq şəkildə göstərilir. Qanuna görə, Piket - "ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir qrupunun müəyyən yerdə toplaşmasıdır".

Həmin kiçik qrupun sayı və özünü necə aparmalı olduğu da dəqiqləşdirilir: Qanunun 9-cu maddəsinə əsasən, "Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı, 10 vattdan yüksək olan səsgücləndirici qurğulardan istifadə etməməlidirlər".

Amma AXCP və “Milli Şura” 50 nəfərlik insanın iştirak edəcəyi bir aksiya üçün olduqca geniş təbliğat aparırlar. Niyə? Doğrudanmı, Əli Kərimli 50 nəfəri aksiyaya yığa biləcəyinə əmin deyil? Bəli, işin o tərəfi də var, amma güdülən məqsəd hazırda başqadır. İstisna deyil ki, belə bir ssenarini gerçəkləşdirmək istəyirlər: Piketə 50 nəfərdən daha çox insan gəlir, polis qanunun tələbinə əməl edərək, onların dağılışmasını tələb edir, qarşudurma yaranır və bu faktdan hələ xeyli müddət iqtidara qarşı istifadə olunur.

Göründüyü kimi, hakimiyyət hətta xoş niyyət göstərəndə də, radikallar ondan qərəzli və cəmiyyət üçün ziyanlı şəkildə istifadə etməyə çalışırlar...

Bakı Şəhər Baş Polis İdarəsi də artıq xəbərdarlıq edib ki, piketin keçiriləcəyi ərazidə hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Piket   AXCP  





Xəbər lenti