Şamaxıda Nəsimi poeziya axşamı təşkil olunub

  05 Oktyabr 2019    Oxunub : 3182
Şamaxıda Nəsimi poeziya axşamı təşkil olunub
Şamaxıda keçirilən “Mədəniyyət həftəsi”nin axırıncı günündə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə bir sıra maraqlı tədbirlər keçirilib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onların arasında “Doğma diyar” rəsm sərgisi, “Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı təşkil olunub.

“Doğma diyar” adlı rəsm sərgisi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Respublika uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin, rəsm qalereyalarının əməkdaşlarının iştirakı ilə baş tutub. Nəsiminin portretlərdən ibarət sərgi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı da Şamaxı Astrofizika Rəsədxanasında keçirilib. Tədbiri rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq Nəsimi irsi haqqında söhbət açıb.

Bildirilib ki, Nəsimi ana dili ilə yanaşı, farsca və ərəbcə də yazıb. Onun şeirləri rus, gürcü, türk, həmçinin digər dillərə tərcümə edilib. Nəsimi haqqında rejissor Həsən Seyidbəyli tərəfindən film çəkilib. Daha sonra iştirakçılar Nəsiminin şeir, qəzəl və rubailərini səsləndiriblər.

Tədbirdən sonra keçirilmiş “Mədəniyyət həftəsi”nə həsr olunmuş brifinqdə mərkəzin direktoru Asif Usubəliyev müxtəlif telekanalların və xəbər portallarının nümayəndələrinin suallarını cavablandırıb, həmçinin Prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi barədə də məlumat verib.

Azvision.az

Teqlər: Şamaxı