Ötən ay evlənmək istəyən 13 nəfərdə QİÇS aşkarlanıb

  07 Oktyabr 2019    Oxunub : 2391
 Ötən ay evlənmək istəyən 13 nəfərdə QİÇS aşkarlanıb
2019-cu ilin sentyabr ayı ərzində evlənmək istəyən 11 278 nəfər tibbi müayinədən keçib. Onlardan 340 nəfərdə talassemiya daşıyıcılığı, 70 nəfərdə sifilis, 13 nəfərdə QİÇS aşkarlanıb.
Bu barədə Azvision.az -a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. Onun sözlərinə görə, müayinədən keçən 4 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib:

“2019-cu ilin 9 ayı ərzində evlənmək istəyən 103 618 nəfər müayinədən keçib. Onlardan 2 653 nəfərdə talassemiya daşıyıcılığı, 212 nəfərdə sifilis, 107 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 32 olub. Ümimilikdə indiyədək 603 431 nəfər müayinədən keçib. Onlardan 20 888 nəfərdə talassemiya daşıyıcılığı, 1 940 nəfərdə sifilis, 561 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 223 olub".

Z.Əlimirzəyevanın fikrincə, bu cütlüklərə genetik konsultasiya verilir ki, hamiləlik olan kimi 12-18 həftəliyində müayinədən keçmək üçün müraciət etsinlər.

"Hamiləlik zamanı dölyanı maye götürülür, molekulyar genetik müayinə aparılır və uşağın xəstə, daşıyıcı və ya sağlam olduğu müəyyən edilir. Xəstə uşaq olanda tibbi yolla abort edilir. Bu könüllü aparılır. İndiyə qədər hamilə qadınlarda müşahidə edilən xəstə uşaqları valideynlər abort etdirib. Beləliklə, talassemiyalı doğulan uşaqların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Evlənmək   Toy   Talassemiya