Xanlar Vəliyev rusiyalı həmkarı ilə görüşdü - FOTOLAR

  08 Oktyabr 2019    Oxunub : 2131
Xanlar Vəliyev rusiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Rusiya Federasiyası Baş prokurorunun müavini-Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Georgiyeviç Petrovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi heyətlə birlikdə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunmaqla, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Rusiya Federasiyasının Baş Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Hərbi prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında rəsmi görüş keçirilib. Qonaqlar səmimiyyətlə qarşılandıqdan sonra, görüş iştirakçıları əvvəlcə Respublika Hərbi Prokurorluğunun inzibati binasında yerləşən “Heydər Əliyev gulşəsi”ni ziyarət etməklə, ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsini dərin ehtiramla anaraq, büstü önünə əklil qoyub, qonaqlara böyük şəxsiyyətin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.

Bundan sonra, hər iki dövlətin Hərbi Prokurorluqlarının nümayəndə heyətlərinin iştirakı ilə Brifinq keçirilib. Brifinqi açıq elan etməklə çıxışına başlayan Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, ölkələrimizin Prokurorluq orqanları arasında olan işgüzar əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən səfərlərin əhəmiyyətini vurğulamaqla, rəhbərlik etdiyi nümayəndə heyətinin 04-07 iyun 2018-ci il tarixlərdə Rusiya Federasiyasına səfərini məmnunluqla xatırlayaraq, orada göstərilmiş yüksək qonaqpərvərliyə, səmimi və doğma münasibətə görə Baş hərbi prokuror V.G.Petrova bir daha minnətdarlığını bildirdi.

Hərbi prokuror Xanlar Vəliyev çıxışına davam etməklə ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlardan və görülən böyük işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın maddi və sosial rifah halının davamlı olaraq yaxşılaşdırılmasından bəhs etdi.

Əldə olunan nailiyyətlər və qazanılan ardıcıl uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların və icra olunan mütərəqqi tədbirlərin bu sahədə də yeni mərhələnin başlanmasını, həmçinin penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin dövrün tələblərinə uyğun yenidən qurulmasını şərtləndirdiyini bildirən Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamdan və özündə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsini, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə icraatının effektivliyinin yüksəldilməsini, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunmasını, süründürməçiliyin, eləcə də digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsini ehtiva edən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmandan və sözügedən normativ hüquqi aktların əhəmiyyətindən danışıb.

Bundan sonra, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirdi ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq təcavüzkar erməni millətçiləri tərəfindən Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddialarının irəli sürülməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması xalqımıza qarşı soyqırım törədilməsi, azərbaycanlıların kütləvi şəkildə qırğını, əsrlər boyu yaşadığı tarixi ərazilərindən, doğma torpaqlarından deportasiyası, şəhər və rayonlarımızın talan edilməsi, mədəniyyət abidələrimizin dağıdılması və milli genofondumuzun məhvinə yönəlmiş digər qəsdlərlə nəticələnmiş, Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub, etnik təmizləmə siyasətinin aparılması 1 milyondan çox azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlər üzrə istintaqın aparılması və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 05 may 2005-ci il tarixdən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik Respublika Hərbi prokuroruna həvalə edilməklə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.

Ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasındakı əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən hər iki dövlətin Hərbi prokurorları, bunun tarixən xalqlarımız və dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə formalaşmış səmimi münasibətlərə söykənməsini qeyd etməklə, bununla əlaqədar ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasıyasının Prezidenti cənab Vladimir Putinin xalqlarımızın rifahı naminə gördükləri nəhəng işləri xüsusi vurğulayıblar. Rusiya Federasiyasının Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Georgiyeviç Petrov öz adından və rəhbərlik etdiyi nümayəndə heyətinin adından onlara göstərilən yüksək diqqətə, səmimi qonaqpərvərliyə və doğma münasibətə görə Respublika Hərbi prokuroru Xanlar Vəliyevə dərin minnətdarlığını bildirməklə, məmnunluğunu ifadə edib.

Bundan sonra, hər iki ölkənin Hərbi prokurorları rəhbərlik etdikləri Hərbi Prokurorluq orqanlarının strukturu, fəaliyyət istiqamətləri, qanunların icra və tətbiqinə nəzarətlə bağlı gördüyü işlər, o cümlədən məhkəməyədək cinayət təqibinin həyata keçirilməsi zamanı Hərbi Prokurorluq işçilərinin fəaliyyəti və cinayət işlərinə məhkəmələrdə baxılmasında hərbi prokurorların iştirakı barədə ətraflı məlumat veriblər.

Daha sonra, hər iki dövlətin Hərbi Prokurorluqlarının fəaliyyətlərinin təşkili məsələləri ilə əlaqədar müxtəlif mövzularda-“iki dövlətin hərbi-hüquq orqanları arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı” sərlövhəli, “Peşəkar dialoqun davam etdirilməsi və kadrların hazırlığı sahəsində təcrübənin mübadiləsi” sərlövhəli, “Koorupsiya ilə mübarizə və onun qarşısının alınması istiqamətində görülən işlər” sərlövhəli və “Prokurorluq, o cümlədən Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təşkili” sərlövhəli çıxışlar edilmiş, nümayəndə heyətlərinin fəaliyyət istiqamətləri üzrə verdikləri qarşılıqlı suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, hüquqi sahədə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə qarşılıqlı səmərəli fəaliyyət, o cümlədən hüquqi əməkdaşlıq sahəsində mövcud münasibətlər və onlardan irəli gələn hüquq və vəzifələr müzakirə edilib. Brifinqdən sonra qonaqlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Beynəlxalq əlaqələri barədə məlumatları özündə əks etdirən stendlərlə tanış oldular. Sonda Azərbaycanın tarixi ərazilərinin Ermənistanın işğalı altında olmasını, həmçinin qaçqın və məcburi köçkün vəziyyətində yaşayan həmvətənlərimizi bir daha xatırladan Hərbi prokuror Xanlar Vəliyev, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində işğal altında olan torpaqlarımız azad edilməklə, ərazi bütövlüyümüzün bərpa olunacağına, soydaşlarımızın öz tarixi torpaqlarına, doğma yurdlarına qayıdacaqlarına və xalqımıza qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəklərinə əminliyini ifadə edib.






Azvision.az

Teqlər: Baş-Prokurorluq   Rusiya