Tüpürcəkli partiya və daha beş vacib məqam

  08 Oktyabr 2019    Oxunub : 2047
 Tüpürcəkli partiya və daha beş vacib məqam
AXCP son vaxtlar qalmaqal konveyerini xatırladır. Elə həftə olmur ki, partiyada hansısa gurultulu istefa, etiraz, insident baş verməsin.
Əvvəlcə sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşına və qızlarına şiddət göstərməsi bilinəndə böyük qalmaqal qopdu; ardınca partiyanın troll qrupunun rəhbəri Rəşid Turabovun səs yazısının yayılması ilə şəbəkə ifşa olundu; sonra partiyanın Nəzarət-təftiş komissiyasının sədri Aydın Əliyev haqsızlıqlara dözməyərək, Əli Kərimliyə açıq üsyan edib, sədri istefaya çağırdı; nəhayət, AXCP-nin fəallarından Dilarə Miriyeva “Tüpürüm partiyanıza!” deyərək, özü istefa verdi...

Bapbalaca bir partiya üçün bütün bunlar həddindən artıq çoxdur. Bu qalmaqallar onu göstərir ki, AXCP əslində siyasi birlik olaraq mövcud deyil, sadəcə, bir qrup aldanmış insanın toplumudur ki, onlar da gerçəkliyi başa düşən kimi səs-küylü şəkildə qopub, uzaqlaşırlar.

Dilarə Miriyevanın bəyanatı nədən xəbər verirdi? Onun “Tüpürüm partiyanıza!” nidası daha çox məşhurlaşdı, amma ümumilikdə səs yazısında deyilənləri təhlil edəndə ortaya çoxlu maraqlı məqamlar çıxır.



Əvvəla, açıq-aşkar göründü ki, partiya üzvlərini trolluğa məcbur edirlər: “...Bir şey olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan. Hərəsi bir təlimat verir: “Dilarə xanım belə elə...” Özü də, bunu tələb edəndə onların işini, karyerasını nəzərə belə, almırlar.

İkincisi, məlum oldu ki, partiya daxilidə çox ağır avtoritarizm, yaxud, despotizm mövcuddur. O dərəcədə ki, sadiq partiya üzvü bu sözləri deməyə məcbur qalır: “Siz hələ hakimiyyətə gəlməmisiniz, beləsiniz. Hakimiyyətə gəlsəniz, mənim kimisini, məni şəxsən ortada “tryapka” kimi qullanıb, atacaqsınız”. Cəbhəçiləri daxildən və yaxşı tanıyan bir adamın dediyi bu sözlər əslində həmin partiyaya aldanan hər kəs üçün dərs olmalıdır. Daxlində belə rejimin hökm sürdüyü partiya heç vaxt cəmiyyətə demokratiya gətirə bilməz. Belə quruma rəhbərlik edən şəxslərin demokratiya, insan haqları kimi dəyərlərdən danışmağa, ümumiyyətlə, mənəvi haqqı da olmamalıdır!

Sual çıxır: Bəs niyə belə anormal mühitə baxmayaraq, bəziləri hələ də bu cür partiyanın üzvü olmağa dözürlər? Bu sualın cavabı səs yazısındakı üçüncü məqamdan bəlli olur: “...Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə. Dilarə xanımın da harda canı çıxır-çıxsın. İndiyə qədər nə təhər idisə, elə də sürünsün. Belə çıxır da”. Göründüyü kimi, bu partiyadakı dəhşətli şərtlərə baxmayaraq, hələ də orada qalan, troll olmağa, alçaldılmağa dözən, tapşırıqları yerinə yetirən şəxslər ona ümid edirlər ki, nə vaxtsa hakimiyyətə gələcəklər və onlara da vəzifə veriləcək... Bu axmaqcasına sadəlövhlüyə bilmirsən, güləsən, ya ağlayasan...

Dördüncüsü , səs yazısından o da anlaşılır ki, AXCP üzvləri sosiumdan qopur, marginal təbəqəyə çevrilirlər, hətta ən yaxın ətrafları ilə də münasibətləri pozulur. Dəhşətə baxın: “...Hər şeyimi qurban etmişəm bu yolda. Məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə” . Bu, o deməkdir ki, heç kim ailə üzvünün, yaxın qohumunun AXCP üzvü olmasını istəmir. Çünki bu partiyanın adı o qədər pisə çıxıb, haqqında o qədər mənfi faktlar yayılıb ki, insanlar oradan uzaq durmaq istəyirlər.

Beşincisi , Kərimli və partiyasının insanlara utilitar prinsiplə yanaşması, onlardan ancaq öz məqsədləri üçün istifadə etməsi haqqında çox deyilib, yazılıb. Səs yazısı bunu bir daha təsdiq edir: “Demək, məndən istifadə edin yalandan, hakimiyyətə gəlmək üçün, sonra da məni qullanın atın, belə çıxır da. Çox təsir edib mənə, inanırsınız? Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb, bilmirəm”.

Bəli, istifadə olunduğunu başa düşmək ağırdır, bu, hər kəsi incidir. Amma Dilarə Miriyeva aldanmış orta statistik cəbhəçinin sadəcə, tipik nümunəsidir. Belələri yenə də var və onların da qiyam edəcəkləri gün uzaqda deyil. Çünki hamını həmişə aldatmaq heç kimə müyəssər olmayıb.

Əli Kərimlinin sadəcə, öz siyasi biznesi üçün insanların şəxsi həyatını, karyerasını, sosial əlaqələrini məhv etməsi, onları marginallaşdırıb, trolla çevirməsi bağışlanmaz hərəkətdir. Cəbhəçilər özləri gec-tez, amma bunu ona bağışlamayacaqlar. Necə ki, reallığı getikcə dərk etdikcə, bağışlamırlar da...

Tariyel Həsənov
Azvision.az

Teqlər: AXCP   DilarəMiriyeva   ƏliKərimli