Yol polisi Astarada reyd keçirib

Yol polisi Astarada reyd keçirib
  08 Oktyabr 2019    Oxunub:2549
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşımada təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması məqsədi ilə rayon ərazisində profilaktiki tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 8-də Astara şəhəri ərazisində təşkil olunan növbəti belə profilaktiki tədbir zamanı bir sıra kobud qayda pozuntularına yol verən, sərnişinlərin mənzil başına təhlükəsiz çatmaları üçün tələb olunan normativlərə riayət etməyən sürücülər aşkarlanıb. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıq quraşdırılmış, müvafiq xidmət üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar aşkarlanıb. Eyni zamanda, sərnişindaşıma ilə məşğul olduqlarına baxmayaraq, gündəlik olaraq zəruri tibbi müayinədən keçməyən sürücülər də müəyyən olunub. Sadalanan faktlarla bağlı həmin sürücülər haqqında qanuna müvafiq tədbirlər görülüb.

Tədbir zamanı sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar bir daha izah olunub. Bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılmaqla növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl mütləq tibbi müayinədən keçməlidirlər.

Yol polisinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində qayda pozuntularına yol verən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tədbirlər bundan sonra da davam etdiriləcək.

Azvision.az


Teqlər: DYP   Astara   Reyd  





Xəbər lenti