Əbülfəs Qarayev yaradıcı adamlarla görüşüb

Əbülfəs Qarayev yaradıcı adamlarla görüşüb
  09 Oktyabr 2019    Oxunub:2389
Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) sahələrində (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil edilib.
Azvision.az xəbər verir ki, görüş iştirakçılarını salamlayan Əbülfəs Qarayev Azərbaycanda YMS-lərin inkişafı istiqamətində aparılan fəaliyyətlər və perspektiv planlar haqqında qısa məlumat vermişdir və qeyd etmişdir ki, görüşün məqsədi YMS nümayəndələri ilə fikir bölgüsünün aparılması, əməkdaşlıq mühitinin yaradılması və gələcəkdə birgə inkişaf layihələrinin həyata keçirilib.

Ardından Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə “Yaradıcı və Mədəniyyət Sənayeləri” haqqında təqdimat edərək bu sənayelərin dünyada və ayrı-ayrı ölkələrin iqtisadiyyatında rolu, sosial töhfəsi haqqında nümunələr gətirib. Tədqimatda həmçinin Azərbaycanda YMS-lərin potensial imkanları və mövcud çətinliklər, nazirlik tərəfindən görülmüş işlər və gələcək planlar barəsində məlumat verilib.

Təqdimatdan sonra nazir Əbülfəs Qarayev YMS-lərə dair ölkədə potensial imkanlar, YMS-lərin inkişafı istiqamətində mövcud fəaliyyətlər və gələcək planlara dair geniş nitqlə çıxış edib. Nazir cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prosesində YMS-lərin də inkişafının böyük rol oynadığını vurğulayıb.

Görüş iştirakçıları da öz növbəsində mövzu ətrafında çıxışlar edərək, müvafiq sahələrlə bağlı öz rəy və təkliflərini təqdim etmişlər. Nazir Əbülfəs Qarayev təkliflərin “Azərbaycanda 2020-2030-cu illər üzrə Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması prosesində nəzərə alınacağını qeyd etmiş və bu qəbildən olan görüşlərin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Azvision.az





Teqlər: ƏbülfəsQarayev  





Xəbər lenti