“Vurğun Əyyub Elçibəyin təklifindən imtina etmişdi” - Test qalmaqalı

“Vurğun Əyyub Elçibəyin təklifindən imtina etmişdi” -  Test qalmaqalı
  10 Oktyabr 2019    Oxunub:3067
"Firudin Cəlilovun müsahibəsini oxuyub təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialardır?".

Azvision.az xəbər verir ki, bunu sabiq Baş nazir Pənah Hüseyn ilk təhsil naziri Firudin Cəlilovun Azərbaycana test üsulunu onun gətirməsi barədə iddialarına münasibət bildirərkən deyib.
"Firudin Cəlilovun Elçibəylə mübahisələr etməsi, Elçibəyin məni onun yanına göndərməsi barədə deyilənlər sadəcə gopdur. O, Elçibəyin qəbulunda heç bir dəfə də olmayıb. Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan mənim təkidlərimdən və xahişlərimdən sonra vəzifədə saxlamışdı, bir şərtlə ki, onun gözünə görünməsin".

P. Hüseynin sözlərinə görə, sabiq nazirin dediklərində yalnız bir həqiqət var: "Doğrudur, TQDK sədrliyinə mərhum Vurğun Əyyubun namizədliyini Firudin Cəlilov irəli sürüb. Əslində bu da dəqiq deyil. Vurğun Əyyuba Elçibəyin təklifini mən bildirmişdim və o, bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı. Əbülfəz Elçibəyin onu TQDK sədrliyində görmək istəməsinin səbəbi bu idi ki, Vurğun bəy 1991-ci ildə Azərbaycandan ilk dəfə Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Elçibəyin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. İndi bu adam deyir ki, guya Elçibəy Vurğun Əyyubun namizədliyinin əleyhinə olub. Onun dedikləri həqiqəti əks etdirmir".

Sabiq təhsil naziri Firudin Cəlilov iddia edir ki, Azərbaycana test üsulunu Vurğun Əyyub yox, o, özü gətirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Pənah-Hüseyn   Vurğun-Əyyub  





Xəbər lenti