“Qadının ata bağlanaraq işgəncə verilməsi xəbəri həqiqətə uyğun deyil” - Prokurorluq

  11 Oktyabr 2019    Oxunub : 857
 “Qadının ata bağlanaraq işgəncə verilməsi xəbəri həqiqətə uyğun deyil” - Prokurorluq
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Goranboy rayonu, Əlirzalı kənd sakini Sahilə Ələkbərovanın qonşuluqda yaşayan qadın və övladları tərəfindən döyülməsi, daha sonra güya ata bağlanaraq işgəncə verilməklə sürüdülməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Goranboy rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, oktyabrın 10-da Sahilə Ələkbərova özünə məxsus atın qonşunun həyətyanı sahəsində olduğunu görərək onu gətirmək istəyərkən qonşusu Firduz Dəmirova ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun oğlu Ariz Dəmirov tərəfindən döyülərək aldığı bədən xəsarətləri ilə əlaqədar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ariz Dəmirov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Mərkəzi rayon xəstəxanasına yerləşdirilən Sahilə Ələkbərovanın vəziyyəti kafidir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Goranboy