Dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub

  11 Oktyabr 2019    Oxunub : 948
Dəmir yolu işçilərinin peşə bayramı qeyd olunub
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
Azvision.az xəbər verir ki, dəmiryolçular öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyavanın, Şəhidlər Xiyabanında vətənimizin ərazi bütovlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın məzarları da ziyarət olunub.

Tədbir "Azərbaycan Dəmir Yolları" QSC-də davam etdirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. Həmin dövrdən başlayaraq, yük daşınmasına olan tələbatın artması səbəbindən dəmir yolu inkişaf edərək təkmilləşib.

Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il, oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə SSRİ Yollar müstəqil dəmir yolu elan olunub. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Möhtərəm Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürərək, 2005-ci il, oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün-Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

139 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daim inkişafda olub. Ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində ötən əsrin 70-90-cı illərində tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.

Sonda bu ilin avqust-sentyabr aylarında Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində keçiriilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup dəmiryolçuya “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Dəmiryol   Peşə-Bayramı