Hesabat verməyən siyasi partiyalar niyə ləğv edilmir? - RƏSMİ

  11 Oktyabr 2019    Oxunub : 1666
Hesabat verməyən siyasi partiyalar niyə ləğv edilmir? - RƏSMİ
Mərkəzi Seçki Komissiyası (MSK) illik maliyyə hesabatı təqdim etməyən siyasi partiyalarla bağlı Ədliyyə Nazirliyinə müraciət olunmamasının səbəbini açıqlayıb.
Azvision.az -ın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, hansısa siyasi partiyanın qeydiyyatının ləğv edilməsi beynəlxalq aləmdə müsbət qarşılanmır.

"Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı təqdim etməyən siyasi partiyaların məsələsini qaldıra bilərik. Buna səlahiyyətimiz də çatır. Beynəlxalq təşkilatlarla müzakirəmiz ondan ibarət olub ki, siyasi partiyaların qeydiyyatının ləğv edilməsinə səbəb olmayaq. Çünki beynəlxalq aləmdə siyasi partiyanın fəaliyyətinin dayandırılması ilə bağlı informasiya neqativ qəbul olunur. Onlara deyə bilməzsən, bu siyasi partiyanın nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsizdirlər, amma bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, necə yəni, siyasi partiya fəaliyyətsiz olub və qeydiyyatı ləğv edilib?! Hesabat təqdim etməyən siyasi partiyanın varlığı ilə yoxluğunun bizim üçün fərqi yoxdur. Amma Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılsa ki, partiyanın qeydiyyatı ləğv edilsin, bu informasiyanın arxasında nə dayandığı heç kəsi maraqlandırmır. Hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi. Baxmırlar ki, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir ki, fəaliyyətsizdir. Bu istiqamətdə müzakirələrimiz davam etdirilir. Biz beynəlxalq təşkilatlarla bu istiqamətdə ciddi şəkildə işləyirik. Onlar bizim siyasi partiyalarla işimizi təqdir edirlər, hesabatlarına salıblar".

Qeyd edək ki, dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan 2018-ci il üzrə maliyyə hesabatını MSK-ya 48 partiya təqdim edib. Ümumiyyətlə, bir neçə partiya 5 ildir ki, MSK-ya hesabat təqdim etmir. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MSK   Partiya