“Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir” - Nazir müavini

  11 Oktyabr 2019    Oxunub : 858
 “Azərbaycan ən təhlükəsiz ölkələrdən biridir” - Nazir müavini
"Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz və sabit ölkələrdən biridir. Azərbaycan hər 100 min nəfərə düşən cinayətin sayına görə həm MDB, həm də Avropa ölkələri arasında ən az hadisə baş verən ölkələrdəndir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. Onun sözlərinə görə, bunun nəticəsidir ki, Azərbaycanda onlarla beynəlxalq tədbir yüksək səviyyədə keçirilir.

Nazir müavini vurğulayıb ki, seçkilərin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının üzərinə düşən vəzifələri tam həcmdə və layiqincə yerinə yetirməsi xüsusi əhəmiyyət kəsb edir:

"Mühüm dövlət tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun, təhlükəsiz şəraitində keçirilməsi, vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün əsas amillərdən olan ictimai asayişin etibarlı qorunmasını təşkil etmək məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər nəzərə alınıb və Tədbirlər Planının hazırlanmasına start verilib. Şəxsi heyətin sayıqlığının artırılması, səsvermənin gedişinə müdaxilələlərin qarşısını alınması üçün müvafiq icra hakimiyyəti və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin və məlumat mübadiləsinin genişləndirilməsi, əməliyyat durumuna mənfi təsir göstərə biləcək amillərin vaxtında aşkar edib qarşısını almaq, asayişin nümunəvi təmini və zəruri təhlükəsizlik şəraitinin yaradılması üçün mütəmadi olaraq təxirəsalınmaz tədbirlər nəzərdə tutulur”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Oruc-Zalov   DİN   Polis