Direktordan balıq ovu ilə bağlı ittihamlara cavab

  11 Oktyabr 2019    Oxunub : 745
 Direktordan balıq ovu ilə bağlı ittihamlara cavab
"Azərbaycanda həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılsa da, son dövlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu sahədə ciddi problemlərin olması qaçılmazdır: "Çünki brakonyerlik bütün dövrlərdə olan və bu gün də, hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dünyada qeyri-qanuni dəniz məhsullarının dövriyyəsi 25 milyarda qədər qiymətləndirilir və ümumi tutulan balıq məhsullarının təxminən 2/5 qədəri (qeyri-rəsmi daha da çox) brakonyerliyin payına düşür".

H.Əlizadə qeyd edib ki, müxtəlif su hövzələrində olan bu cür qanunsuzluqların eyni vaxtda, qısa müddətdə qarşısının alınması mümkün deyil: "Bu məsələni qaldıran şəxslər özləri bu sahəyə kömək etməlidir. Mücərrəd məlumatların verilməsi, ittihamların səslənməsi düz deyil, konkret ünvanlı məlumat olmalıdır. Əgər məsələni qaldıran şəxsin təbiət üçün həqiqətən ürəyi yanırsa konkret ad çəksin, ilk növbədə özü onun qarşısını almağa cəhd etsin. Çünki bu adamlar onu yaxın adamları, kəndliləri və yaxud vaxtilə birlikdə işlədiyi adamlardır. Təəssüf ki, bugünkü ittihamların əksəriyyəti mücərrəd səslənir, bu sahədə insanlar yalnız aidiyyəti oldu-olmadı dövlət qurumlarını ittiham eləməyə çalışır və birbaşa özlərinin üzərinə düşən vəzifəni görmürlər".

Xatırladaq ki, sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən Asan xidmətə keçib. Artıq bu yolla məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur, Asan xidmətə müraciət olunur və balıq ovu kvotaları oradan əldə edilir. Bu da öz növbəsində şəffaflığa və çevik yolla kvotaların əldə olunmasıına təminat yaradır

Aytən Zəhra
Azvision.az

Teqlər: Balıqovu   ETSN