Nazir müavini müəllimlərdən narazıdır: “Şagirdlərin beynini doldururlar”

Nazir müavini müəllimlərdən narazıdır:  “Şagirdlərin beynini doldururlar”
  15 Oktyabr 2019    Oxunub:1548
Müəllimlər informasiya bolluğu olan şəraitdə şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən məzmunla doldurmağa çalışırlar.
Azvision.az xəbər verir ki, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, məktəbdə müəllimlər texnologiyanı, musiqini, təsviri incəsənəti uşaqlara əzbərlədirlər: "Bunun əsasında uşaqlara summativ qiymətləndirmə yazırlar. Əlbəttə, şagird nəzəri biliklərə yiyələnməlidir, amma bu zaman şagirdlərin maraqları, ehtiyacları çox ciddi şəkildə təhlil edilməlidir".

M.Vəliyeva qeyd edib ki, təmayülləşmə uşaqların dərs yükünü azaldır və onların gələcəkdə seçəcəklər ixtisasa uyğun istiqamətlənməsini təmin edir:

"Buna baxmayaraq, biz hələ də şagirdlərin tam orta təhsil səviyyəsində təmayül siniflərdə təhsil almalarına şüurlu yanaşmasına nail ola bilməmişik. Bir çox hallarda təmayül siniflər sadəcə şagird komplektləşdirmək üçün yaradılır. Tam orta təhsil səviyyəsində təmayül siniflərə yalnız ixtisas peşəkarlığı və bilikləri yüksək olan müəllimlər dərs deməlidir. Bu zaman biz şagirdlərin həqiqətən də zəruri biliklər almasına nail ola bilərik. İkinci tərəfdən əgər dövlət bu imkanı yaradırsa, niyə məktəblər bunu etməməlidir? Bu məsələyə X-XI siniflərdə başlamaq çox gecdir. Məsələyə aşağı siniflərdən sistemli yanaşmaq lazımdır. Bir çox məktəb direktoru ilə ünsiyyətdən məlum olur ki, onlar ibtidai siniflərdən başlayaraq uşaqların bilik və maraqları haqqında məlumat toplayırlar. Bu mənada hesab edirəm ki, Bakı məktəbləri region məktəbləri üçün bir nümunəyə çevrilməlidir".

Nazir müavini qeyd edib ki, hətta təmayül olunan siniflərdə də şagirdlərin davamiyyəti arzuolunan səviyyədə deyil.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti