“220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib” - Nazir

  “220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib” -  Nazir
  16 Oktyabr 2019    Oxunub:2470
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində regionun ən sabit və təhlükəsiz dövləti olan Azərbaycanda cinayətkarlığa qarşı qəti mübarizə aparılır, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edərək cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində konvensiyalardan və ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla yerinə yetirir.
Azvision.az xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq cinayət hüququnun qədim institutlarından olan cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə müqavilələr bağlanıb, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir. Eyni zamanda, Azərbaycan 50 dövlət tərəfindən ratifikasiya olunmuş “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə səmərəli əməkdaşlıq edir.

Həmin sənədlər cinayətkarlığın yayılmasının qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması və bununla da ədalət mühakiməsinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycan dövləti universal və regional konvensiyalardan irəli gələn vəzifələrin icrası ilə yanaşı, cinayətkarlıqla mübarizəyə xüsusi önəm verərək ekstradisiya haqqında xüsusi qanun qəbul edib ki, bu da xarici tərəfdaşlarımızla bu sahədə müqavilə olmadan belə əməkdaşlıq etməyə imkan verir. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir. Həmin sənədlərə əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxsin Azərbaycana ekstradisiyasına nail olunub.

Avropa Şurası tərəfindən “Ekstradisiya haqqında” Avropa Konvensiyasına dair Dördüncü Əlavə Protokol qəbul olunub.

Avropa məkanında cinayətkarların təslim edilməsində səmərəliliyin və operativliyin artırılmasına, ekstradisiya prosedurunun müasir dövrün tələblərinə adaptasiya olunmasına, bəzi bürokratik əngəllərin aradan qaldırılmasına, o cümlədən sənədlərin elektron qaydada göndərilməsinə, tranzit prosedurunun sadələşdirilməsinə xidmət edən Protokolun müstəsna əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.

Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün dövlətimizin başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən, Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində oktyabrın 15-də Avropa Şurasının Baş katibi Mariya Buriçin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.

Mərasimdən sonra Ədliyyə nazirinin və Baş katibin görüşü olub.

Görüşdə nazir F.Məmmədov M.Buriçi Avropa Şurasının 70 illiyinin qeyd olunduğu ildə fəaliyyətə başlaması münasibətilə təbrik edib, Azərbaycan ilə Avropa Şurası arasında sıx əməkdaşlıqdan bəhs edib, birgə həyata keçirilən layihələrin səmərəsini vurğulayıb. Nazir ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə-hüquq sistemində islahatların yeni mərhələdə davam etdirildiyini qeyd edib.

Söhbət zamanı Avropa Şurası ilə əməkdaşlıqda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və həmin Məhkəməyə təlim səfərlərinin təşkili təqdir olunub.

Azərbaycanın Avropa Şurasının mühüm tərəfdaşı olduğunu vurğulayan xanım M.Buriç AŞPA prezidentinin və AŞ İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğu rəhbərinin Azərbaycana məhsuldar səfərlərini qeyd edib, ölkəmizdə məhkəmə-hüquq sistemindəki islahatları, xüsusilə dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanını yüksək qiymətləndirib, bu sahədə dəstək göstərməyə hazır olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanın məhkəmə-hüquq sistemində yaxşı təcrübəsi Avropa Şurası tərəfindən yayılır.

Baş katib, həmçinin ölkəmizin Avropa Şurasına dəyərli töhfələrini, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) fəal təmsilçiliyini qeyd edib.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın torpaqlarımıza davam edən hərbi təcavüzü və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat verilib. Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.







Azvision.az



Teqlər: Ədliyyə  





Xəbər lenti