Lökbatana getməyən radikalların icazəsiz mitinq qərarı - Qanun nə deyir?

Lökbatana getməyən radikalların icazəsiz mitinq qərarı -  Qanun nə deyir?
  16 Oktyabr 2019    Oxunub:6955
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Meriya mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə icazə verib.
BŞİH-in mitinq təşkilatçılarına göndərdiyi cavab məktubunda qəbul edilən qərar açıq şəkildə izah edilir:

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin III hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında dinc toplantılarının keçirilməsi qadağan edilir. Sizin təklif etdiyiniz sayda insanın metropolitenin “Nəriman Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradar.

Eyni zamanda, Bakı Şəhər Baş Polis İdarəsindən Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan məktuba əsasən, sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyindən göstərilən yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq”.




Lökbatanda mitinq keçirməkdən imtina edən Milli Şura rəhbərliyi icazəsiz aksiyaların təşkili barədə qərar verib. AXCP sədri Əli Kərimli sosial şəbəkə hesabında tərəfdarlarını 19 oktyabr tarixində, metronun "28 May" stansiyasının qarşısında razılaşdırılmamış mitinq keçirməyə çağırıb.

Bakı şəhər Baş Polis İdarəsi isə dəfələrlə bəyan edib ki, istənilən icazəsiz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq. Müxalifətin bunu bildiyi halda, icazəsiz aksiyalara getməsi paytaxtda qarşıdurma yaratmaq istəyindən xəbər verir. Şübhə yox ki, Bakı polisi radikalların təxribat planının baş tutmasına imkan verməyəcək.



Qanunsuz aksiyalar barədə qanun nə deyir?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Azvision.az -a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq haqqında” qanununda aksiyaların keçirilməsi mexanizmləri dəqiq göstərilib. Bu mexanizmlər ondan ibarətdir ki, aksiya və mitinq keçirmək üçün müvafiq icra hakimiyətinə müraciət etmək lazımdır. Eyni zamanda, kütləvi aksiya keçirilirsə, onun təhlükəsizliyini təmin etməklə bağlı müvafiq orqanlara müraciət etmək tələb olunur və müraciətə münasib qaydada cavab verilir. Bildiyimiz kimi, Bakı şəhərində 3 milyondan artıq əhali yaşayır. Bu baxımdan, paytaxtda mitinq keçirilməsinin əsas şərtlərindən biri həmin ərazidə təhlükəsizliyin təmin edilməsidir. Mitinqdə nə qədər adamın iştirak etməsi ilə bağlı məlumat göstərilməlidir ki, buna uyğun təhlükəsizlik qüvvələri prosesi həyata keçirə bilsin. Həmçinin hansı şüarların səslənməsi barədə də əvvəlcədən məlumat verilməlidir”.



Ə.Nuriyev qeyd edib ki, indiki halda hamını icazəsiz mitinqə səsləmək çox ciddi xoşagəlməz proseslərə gətirib çıxara bilər: “Bu halda mitinq iştirakçılarının, əhalinin təhlükəsizliyi təmin olunmalıdır. Nəqliyyatın hərəkətinə maneə törədilməməlidir. Bütün bunlar icra olunmalı prosesdir. Əks halda xoşagəlməz mənzərə yarana bilər. Bir konstitusion hüququn həyata keçirilməsi digər konstitusion hüququn həyata keçirilməsinə mane olmamalıdır. Ən vacibi isə təhlükəsizlik hüququ ilə bağlı məsələlərdir. Yəni aksiya qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Əks halda müvafiq olaraq məsuliyyət yaradacaq. Nəticədə belə bir təşəbbüslə çıxış edən şəxslər məsuliyyətə cəlb olunacaqlar”.

"Sərbəst toplaşmaq hüququ mütləq hüquq deyil"

Hüquq müdafiəçisi əlavə edib ki, razılığın müəyyən yerdə verilməsi hər şeydən əvvəl təhlükəsizliyin təmin edilməsi ilə əlaqədardır. Ən başlıca şərt budur.

“Mitinqdə ən vacib məsələ onun demokratik prinsiplərə uyğun olmasıdır. Sərbəst toplaşmaq hüququ mütləq hüquq deyil. Bu vacib fundamental hüquqdur. Bir sözlə, istədiyin arzu edilən məkanda və vaxtda həll olunmamalıdır. Prosedur qaydalara əməl etmədən bu hüququn həyata keçirilməsinə çalışılırsa, çox ciddi fəsadlara gətirib çıxara bilər. Mitinq təşkilatçıları bu barədə ciddi düşünməlidirlər. Məsuliyyəti öz üzərlərinə götürə biləcəklərmi? Hər şeydən əvvəl istənilən hüququn həyata keçirilməsi prosedur qaydalara əməl etməkdən keçir. Demokratiyanın əsas şərti də qeyd olunan prosedurlara əməl etməkdən ibarətdir. Buna əməl edilmirsə, demokratiya özbaşınalığa çevrilə bilər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Mitinq   Milli-Şura  





Xəbər lenti