İki qanun layihəsi plenar iclasa tövsiyyə edildi

İki qanun layihəsi plenar iclasa tövsiyyə edildi
  17 Oktyabr 2019    Oxunub:1746
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verdi.
Azvision.az xəbər verir ki, əvvəlcə deputatlar “Azərbaycan Hökuməti ilə Polşa Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxdılar. Qeyd olundu ki, artıq ölkəmiz bir neçə dövlətlərlə bu qəbildən olan sazişlər bağlayıb. Sənəddə Sazişin məqsədi, məxfi məlumatların qorunması, prinsipləri, ötürülməsi, məxfi məlumatların məhv edilməsi, çoxaldılması, tərcüməsi, məxfi kontraktlar, bu sahədəki səlahiyyətli orqanlar barədə anlayışlar ətraflı şəkildə əksini tapır. Deputatlar sənədin mükəmməl şəkildə hazırlandığını və böyük əhəmiyyətə malik olduğunu bildirdilər.

Sonra iclasda “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Dövlət bayrağının istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi. Bildirildi ki, ölkə Prezidentinin 2019-cu il 11 aprel tarixli 623 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və “Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilib. Bu Fərmanla Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirildiyindən təklif edilən bu qanunlarda dəyişikliklər edilməsi həmin münasibətlərin tənzimlənməsinə xidmət edir.

Müzakirələrdən sonra hər iki sənəd komitədə üç oxunuşda baxılmış sayılaraq Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti