“Yeni iqtisadi islahatlar mərhələsi başlayır” - Vüqar Bayramov

   “Yeni iqtisadi islahatlar mərhələsi başlayır” -    Vüqar Bayramov
  17 Oktyabr 2019    Oxunub:4502
"2020-ci ildə daha dərinləşmiş iqtisadi və sosial islahatları müşahidə edəcəyik"

Azvision.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2020-ci il Azərbaycan üçün yeni iqtisadi strategiyanın hazırlanması baxımından önəmli il olacaq.
"Strateji Yol Xəritəsinin birinci mərhələsi 2020-ci ildə başa çatır. Yeni iqtisadi islahatlar mərhələsi başlayır. Bu ilin 9 ayında əldə edilən göstəricilər ilin müsbət tonda başa çatacağını deməyə əsas verir", - deyən ekspertin fikrincə, bu baxımdan Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə bir sıra aspektdən yadda olub.

V.Bayramov vurğulayıb ki, müşavirədə Prezident tərəfindən qarşıda duran çağırışlar və bu çağırışların həlli istiqamətində konkret prioritetlər müəyyənləşdirilib.

"Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Burada söhbət kadr islahatlarının davam etdirilməsi, daha çevik kadr siyasətinin reallaşması və bu kontekstdən büdcə gəlirlərində şəffaflığın gücləndirilməsindən gedir. Prezident büdcə xərclərinin şişirdilməsi hallarının qarşısının alınması, büdcə şəffaflığı ilə bağlı konkret mexanizmlərin hazırlanması və tətbiqi ilə bağlı göstərişlər verdi. Bu, növbəti ildə həyata keçiriləcək islahatların strukturu, eyni zamanda, prioritetliyi baxımından çox vacibdir".

Ekspert əlavə edib ki, 2020-ci ildə ilk dəfə olaraq büdcə gəlirlərinin 40 faizindən çoxu sosial sferaya yönəldiləcək. Birbaşa əməkhaqqı xərclərinin payı 6,7 milyard manat, pensiya və təqaüdlərin həcmi 3,2 milyard manat olacaq. Nəticədə birbaşa əməkhaqqı, pensiya və təqaüdlərə 10 milyard manatadək yönəldiləcək ki, bu da büdcənin sosiallığından xəbər verir.

Azvision.az


Teqlər: Vüqar-Bayramov  





Xəbər lenti