Prezidentin müşavirədə verdiyi əsas mesajlar

  17 Oktyabr 2019    Oxunub : 2498
 Prezidentin müşavirədə verdiyi əsas mesajlar
Son bir neçə həftədə - Prezident İlham Əliyevin dünya siyasi liderlərinin iştirak etdiyi görüşləri hədəf auditoriya kimi seçərək, Azərbaycan-Qarabağ həqiqətlərini dünyanın bütün formatlı-siyasi, iqtisadi, hüquqi, mədəni, humanitar və s. platformalarından səsləndirməsi ilə bağlı nitqləri, hər sözü gündəm yaradıb. Prezidentin siyasi qətiyyəti, iradəsi və intellektual təfəkkürünün vəhdətini ifadə edən çağırışları cəmiyyətdə milli birliyə və ruh yüksəkliyinə, vətənpərvərliyə transformasiya edilən dalğa effekti kimi davam edir.
İslahatlara alternativ yoxdur. Siyasi iradə ən yüksək səviyyədədir

“Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxırsa biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub."

Dövlət başçımızın 15 oktyabr tarixində keçirilən iqtisadi müşavirədəki çıxışı və səsələndirdiyi mesajlar da ictimai rəydə canlanma yaratması baxımından görünməmiş maraq oyatdı desək-yanılmarıq. Əsas fikir “islahatlar dönməzdir” fikridir. Bu siyasi sanbal və çəkisi baxımından Ümummilli Lider Heydər Əliyevin “müstəqilliyimiz dönməzdir!” bəyanatı ilə müqayisə edilə bilər.

Etiraf edək ki, dövlət başçısının strateji təfəkkürü, islahatlarla bağlı səsləndirdiyi postulatların elmi-intellektual tutumu, müxtəlif dövlətlərin təcrübəsi və bəlli nəzəriyyələrdən məlum olan çərçivələrinə sığmaması, eləcə də, bu nəzəriyyələri zənginləşdirməsi baxımından diqqəti cəlb edir. Azərbaycan liderinin islahat strategiyası, tamamilə fərqli Reformator statusu hələ uzun müddət elmi-ekspert cəmiyyətinin, tədqiqatçıların təhlil mövzusunu təşkil edəcək.

15 oktyabr müşavirəsində prezidentin ən yeni tariximizə yeni proqram sənədi kimi yazılacaq nitqində verilən mesajlar vasitəsi ilə, islahatlar siyasətinin hazırkı məqamının fövqəladə vacib tələbləri haqda ümumi mənzərəni göz önündə canlandırmaq mümkündür.

İslahatlarının fokus nöqtəsi - yeni və təkmil, çevik və rəqabətədavamlı dövlət idarəçiliyini formalaşdıran kadr islahatları

“Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?”

İslahatların təkan verici qüvvəsi kimi çıxış edən kadrlar hər şeyi həll edir.

İslahatlar harada varsa - orada mərhələlər, fazalar var. İslahatları xarici təcrübənin “mexaniki təqlidi və tətbiqi” kimi başa düşənlər bu məqamı gözdən qaçırırlar. Müasir dünyanın tanıdığı “möcüzə islahatların” hamısı-orijinal olub, ölkənin yeni, öz modelinin, yolunun mərhələlər və fazalar üzrə addım-addım qət etməsinin nəticəsi olub.

Məlum olduğu kimi, hazırda dünyada yalnız sistemli siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı yaşanır. Bu məsələ, paradoksal olaraq həm də lider faktoru, daha dəqiq deyilsə, dünya siyasətində liderlik böhranı ilə bağlıdır. Dünya tarixi göstərir ki, dövlət quruluşunun istənilən formasında dövlət başçısı liderlik keyfiyyətləri olan şəxsiyyətdirsə, o, xalqının taleyində həlledici rol oynayır.

Prezidentin cəmiyyətə verdiyi mesajlarda- yeni strategiya ortaya qoyuldu: sosial, institutsional və struktur islahatları həyata keçirməli olan- yeni dövlət idarəçiliyi tələblərinə cavab verən kadr islahatları ilə bağlı qətiyyətli mövqe ortaya qoyuldu. Cari ilin əvvəlində verilən ilk rəsmi qərarlar da kadr islahatlarının aparılması barədə oldu.

Müasir dövlətin idarəçilik strukturlarında elitaların siyasi və intellektual-texnokrat səviyyələri arasında fərqin demək olar ki, aradan götürüldüyü informasiya sivilizasiyasında yaşayır. Məhz buna görə, miqyaslı kadr islahatlarının önə çıxarılması yeni islahatların əsas xəttini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir: Struktur islahatları dövlət idarəçiliyini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır.

İslahatlar- dövlət idarəçiliyiin təkmilləşməsi deməkdir. Azərbaycanın dövlət idarəçilik modelinə gətirilən innovasiyalardan biri kimi- operativ və çevik qərarların qəbul olunmasına potensialı olan, peşəkar kadrlar korpusunun, dünyada baş verən idarəetmə inqilabına–“dövlətə peşəkarlıq və ləyaqətlə xidmət” sistemi olan meritokratik sistemin formalaşmasına start verilib. Konkret nəticə əsasında xidmətin dəyərləndirilməsinin “performans sistemi”("pay-for-performance") sistemi burada əsas götürülür. Dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət deməkdir.

Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin.Heç kim bu işdə bizə mane ola bilməz.

Prezident İlham Əliyev - XXI əsrin güclü Azərbaycan dövləti üçün islahatlar dalğasının arxitektorudur. Onun fəaliyyətində islahatlarla bağlı siyasi iradə, gələcəyi duymaq fəhmi, praqmatik zəka vahid tam təşkil edir. Bu siyasət İlham Əliyevin - “xalq”, “millət” anlayışlarını hər şeydən uca tutan siyasi lider, dövlət xadimi olmaqla yanaşı- parlaq İslahatçı-Reformator obrazını tam mənada sübut edir. Ən yeni tariximizə bu hadisələr “İlham Əliyevin islahatlar modeli” kimi yazılmaqdadır.

Prezidentin təşəbbüsü ilə, sosial siyasətin, vətəndaşa xidmətin Azərbaycan brendi ASAN standartları yaradılıb.

Prezident İlham Əliyevin daxili siyasət sahəsində çevikliyi prinsipi, informasiya əsrinin sürət və ritminə uyğun olaraq kadr islahatlarında inqilabi hesab edilən addımların məzmunu bundan ibarətdir: xalqa xidmət-dövlətçiliyə xidmət deməkdir. “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir.” Kadr islahatlarında başlıca meyar-xalqa xidmətin prezident örnəyidir. Tarixdə islahatlar müxtəlif dövlətlərin liderləri tərəfindən həyata keçirilib. Şübhə yoxdur ki, dövlətçilik tariximizdə əhəmiyyəti baxımından F.Ruzveltin həyata keçirdiyi “yeni kurs”, yaxud, Yaponiya, Sinqapur möcüzələri və s.-lə müqayisə ediləcək proseslər “İlham Əliyev islahatları”-Konfutsi indeksi kimi siyasət dərsliklərinə düşəcək, nəzəriyyə və təcrübələr sırasında zəngin mənbə kimi öyrəniləcək.

Yeni nəsil, yeni məmur tipinin yetişdirilməsi. Cəmiyyətdə sosial liftlərin hərəkətə gətirilməsi günün tələbidir.

Dövlət başçısı hazırda XXI əsrin dövlət idarəçiliyi üçün milli intellektual elita brendini formalaşdırır. XXI əsrin çağırışları XX əsrin bürokratik təfəkkürü ilə həll edilə bilməz. Prezidentin təşəbbüsü ilə, sosial siyasətin, vətəndaşa xidmətin bir vaxtlar mümkünsüz görünən Azərbaycan brendi-ASAN standartları yaradılıb. Dövlət-vətəndaş münasibətlərinin, xalqa xidmətin meyarı-göstəricisi kimi formalaşıb. İslahatların hazırkı fazasında-aparılan bütün istiqamətlərlə yanaşı yeni məmur nəslinin formalaşması taleyüklü əhəmiyyət kəsb edir.

Meritokratiya-ləyaqətli xidmət bütövlükdə cəmiyyətin sosial quruluşunu dəyişdirir, sosial liftləri hərəkətə gətirir, ənənəvi bürokratiyanı aradan qaldırır.

Prezidentin bununla bağlı, gənc, bilikli və savadlı, dövlətə və dövlətçiliyə sadiq gənclərlə bağlı səsləndirdiyi mesajla-cəmiyyətdə sosial liftlərin hərəkətlənməsinə yol açır. XXI əsrdə müasir dövlət kimi Azərbaycanın davamlı və yüksək həyat keyfiyyəti və standartlarına malik inkişafı, yalnız insan potensialının,vətəndaşın təşəbbüskarlıq, novatorluq və kreativliyinin aşkarlanması və reallaşması sayəsində mümkündür. Azərbaycanın dövlət idarəçilik modelinə gətirilən innovasiyalar kimi- səlahiyyətlərin şaxələnməsini, operativ və çevik qərarların qəbul olunmasına potensialı olan, peşəkar kadrlar korpusunun meritokratik sisteminin formalaşmasının mexanizmləri də prezident nitqində konkret olaraq göstərildi.

Müşavirədə gənclərlə bağlı fikir,onların ictimai-siyasi həyatda daha fəal olması, sağlam intellektual rəqabət aparması üçün stimul yaradacaq, onlar səy və təşəbbüslərini ortaya qoyacaq. Gənclərə bir qayda olaraq, islahatçılıq ruhu xasdır. XXI əsrin Azərbaycan gənci-xarici həmyaşıdları ilə rəqabətdə üstünlüyə malik olmalı, bunun üçün daha fəallıığını, intellektual peşəkarlığını və əzmini artırmalıdır.

Dövlət idarəçiliyi-strateji təfəkkür üzərində qərar tutmalıdır, yaxud kadr islahatları - islahatçı kadrlar

“Dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik.”

Prezidentin nazirə ünvanladığı: “Əvvəlki illərdə verilmiş proqnoz ondan sonra özünü nə dərəcədə doğruldur? Yəni, bunun təhlilini aparan bir qurum varmı? Yəni, sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox? Bunu gərək əvvəlcədən edərdiniz” sözləri elmi ekspert cameəsində xüsusilə müzakirə edilir. Ölkəyə rəhbərliyi 10-20-50 il əvvəldən hesablayan strateji düşüncə ilə həyata keçirən dövlət başçısınınıə siyasi-iqtisadi elitadan da bunu tələb etməyə tam haqqı var. Prezidentin “indi burada gələn ilin büdcəsi ilə əlaqədar fikirlər və təkliflər səslənsin!” deməsi olduqca simvolik idi. Dövlət başçısının kəsərli sualları qarşısında əliyalın qalanlar da, bütün müvafiq qurumlar artıq mesajı aldılar və lazımi nəticəni çıxarmalıdırlar. İndiyə qədər mövcud olan idarəçilik üslubu artıq heç vaxt qəbul edilməyəcək.

Dünya elmində problemlərin həllində qeyri-standart, yaradıcı yanaşmanı ifadə edən “düşüncə, təfəkkür dizaynı” ("design thinking") adlanan yeni istiqaməti müşavirədə dövlət başçısının çıxışında bir damla suda olduğu müşahidə edilə bilərdi.

Məmurun missiyası-dövlətə,xalqa xidmətdir. Burada başlıca meyarlardan biri də innovativ təşəbbüskarlığa və kreativ idarəçilik tərzinə malik olmaqla idarə etmədir. Dövlət başçısının vəzifə və rəsmi səlahiyyətlərin yalnız dövlət vəsaitlərinin müvafiq xərclənməsi olmayıb, yeni maliyyə mənbələrinin müəyyən edilməsi, inkişafa təkan verən rıçaqların hərəkətə gətirilməsi, istedadların cəlb edilməsi və cəmiyyətin potensialının səfərbər edilməsi kimi keyfiyyətlərə manevr azadlığı verdiyini bəyan etdi. Məlumdur ki, “manevr azadlığı fenomeni” islahatları dəyərləndirməyin qlobal indikatoru kimi çıxış edir.

Hazırda qabaqcıl hesab edilən bütün ölkələrdə, dövlət idarəçiliyi sisteminin təməlində meritokratiya ("merit system") prinsipi dayanır. ABŞ-da hələ 1978-ci ildə merit- ləyaqətli xidmət sisteminin əsas komponentlərini təşkil edən Dövlət Qulluğu sahəsində İslahatlar haqqında Qanun qəbul edildi. Qanuna görə, kadr seçimi və irəliləməsi müstəsna olaraq, dürüst və şəffaf, bütün sahələrdə hər kəsin qabiliyəti, bilik və bacarıqları əsasında həyata keçirilməlidir. 2000-ci ildə ABŞ-ın prezidenti vəzifəsinə gəldikdən sonra Corc Buş dövlət aparatında yeni bir islahat- Prezidentin İdarəetmə Gündəliyinin ("The President's Management Agenda"), strateji insan kapitalının idarə edilməsi təşəbbüsü ilə çıxış etib. Sənəddə, beş islahat sahəsi müəyyən edilmişdi: strateji planlaşdırma - dövlət orqanının kadr siyasətini fəaliyyətinin məqsədlərinə uyğunlaşdırmaq; rəhbərlik və biliklərin idarə edilməsi - rəhbərliyin səmərəliliyinin artırılması, yüksək vəzifələrin dəyişdirilməsi sistemi və peşə təhsili sistemlərinin inkişafı üçün tədbirlərin hazırlanması; nəticələrə görə idarəetmə - işin nəticələrinə görə ödəmənin tətbiqi və hədəflərə çatmaq; istedadların aşkarlanmasına yönümlü idarəetmə - dövlət qulluğunda yüksək inkişaf potensialı olan mütəxəssislərin cəlb edilməsi və saxlanılması; hesabat və şəffaflıq sistemi - islahatların monitorinqi və nəticələrin qiymətləndirilməsi üçün vasitələr yaratmaq, hər kəsə rəqabət üçün bərabər imkanlar təmin edilməlidir. Səmərəli dövlət idarəçilik sistemi, Prezidentin siyasətinə uyğun olaraq, insan amilini diqqət mərkəzinə, təkan verici qüvvə statusuna yüksəldən məmur təbəqəsinin meritokratik sistemi yaradılır.

Qeyd edildiyi kimi, meritokratiya - işçinin karyera yüksəlişi üçün yalnız qabiliyyət və nailiyyətləri, nəticələri əsas hesab edən idarəetmə prinsipidir. Hazırda qabaqcıl təcrübədə yeni nəsil məmur nəslinin formalaşması üçün müəyyən edilən təməl kompetensiyalar (qabiliyyət və keyfiyyətlər) və metakompetensiyalar aşağıdakılardır:

Təməl kompetensiyalar: Fərdi inkişaf əzmli;
Nizam və intizam;
Kollektivdə münasibət qurmaq vərdişləri;
Dövlətə xidmət motivasiyası;
Yazılı və şifahi Kommunikativlik(ünsiyyət);

“İslahatlara verilən ən böyük qiymət- Azərbaycan xalqı tərəfindən verilən qiymətdir”

Prezidentin islahatlarla bağlı xalqın münasibətini diqqət mərkəzində saxlaması, bununla bağlı araşdırmaları izləməsi də müşavirədə səslənən yeni fikirlər sırasında idi. Bu onu göstərir ki, dövlət başçısı cəmiyyətdə islahatlara münasibətə çox yüksək önəm verir. Vətəndaşların proseslərlə bağlı nə düşünməsi, hansı sahələrdə nədən razı və ya narazı olması prioritetlər sırasındadır. Dünya elmində “gözləntilərin idarə edilməsi” kimi məlum olan bu məsələ etiraf edək ki, Prezident siyasətinin ən yüksək elmi-intellektual əsaslara söykənərək həyata keçirilməsinə dəlalət edir. Müstəqil dövlətçiliyin inkişafında post-neft dövrünün fundamental resursunun- insan amili, fəal və yaradıcı Azərbaycan vətəndaşının olmasını bir daha bizlərə göstərir. İnsan amili, idarəçilik ahəsində qərara qəbul edən əzmli, enerjili, güclü və məsuliyyətli kadrlar Prezident İlham Əliyevin və ölkə qarşısında qoyduğu iddialı vəzifələri tam şəkildə yerinə yetirə biləcəklər.

Məhz fəal insan, islahatlara rəyini bildirən, təkliflərini verən vətəndaş amili islahatlar gedişində dövlət və cəmiyyətin inkişafına mane olan “düyün nöqtələrinin” özünün tamamilə əksinə-inkişafa təkan verən rıçaqlara çevrilməsi kimi paradoksal effektlər verir.

Beləliklə, ölkəmizdə dünya siyasətində,lokal və qlobal reallıqlar fonunda, yeni dövlət idarəçiliyi sisteminin yaradılması prinsipial məsələ kimi durur. Hazırda dünyada gedən mürəkkəb siyasi və iqtisadi problemlər fonunda, dövlət institutu, təkmil idarəçilik müzakirələrin mərkəzi mövzusuna çevirib. Bütövlükdə, beynəlxalq hüquq sisteminin iflici, texnogen və humanitar fəlakətlər, iqtisadi böhran, "azad bazarın öz-özünü tənzimləməsinə" dair müddəaların çökməsi, etatizm fenomeninin, dövlət idarəçiliyi institutunun artan rolunu gündəmə gətirib.

Hazırda qlobal “geosiyasi müharibə”nin başlıca hədəfi dövlət idarəçilik korpusu: hakim elitalar və siyasi iqtidarlardır. Bu korpus istənilən cəmiyyətdə həm milli birliyin, həm də, dezinteqrasiyanın əsasını təşkil edə bilər. Sürət və qeyri-müəyyənlik daxili siyasətimiz sahəsində mövcud olan çağırışlara cavab vermək üçün lazım olan vaxtı minimuma endirib. Qərar qəbuluna verilən zaman çox qısalmışdır. Bu da həmin sahədə çalışanların ilk əvvəl dövlətçiliyə yüksək keyfiyyətlə xidmətin məhvəri olan strateji düşüncəyə və kreativ qabiliyyətə malik olmalarını tələb edir. Çağırışlar zamana uyğun çevik siyasi fəaliyyət meyarlarının seçilməsini tələb edir.Siyasi-inzibati elitanın dövlətçilik dəyərlərinə bağlılığı burada taleyüklü rol oynayır. Qlobal çağırışlar dövlət idarəçiliyinə görünməmiş dinamizm gətirmiş, daxili siyasətdə ənənəvi sayılan sosial kommunikasiya, qarşılıqlı ünsiyyət funksiyasını köklü surətdə dəyişib. Bütün sahələrdə tətbiq edilən fasiləsiz yeniliklər cəmiyyətə, dövlət-vətəndaş münasibətlərinə də dinamizm və fəallıq gətirib.

Dövlət başçısının nitqi proqram sənəd kimi təhlil edilməsi və öyrənilməsi gündəmdə duran əsas məsələdir. Prezidentin nitqi- Azərbaycanın yalnız milli inkişaf yolunun təkmilləşməsi yönündə deyil, hazırda bütün dünyada yaşanan dövlət idarəçiliyi böhranı və ondan çıxış yolları arayan ölkələr üçün töhfə sayıla bilər. Müşavirədən verilən mesajlar bu islahatlarının ana xəttidir. Prezident İlham Əliyevin islahatları kimi tarixdə yazılacaq bu siyasətin gerçəkləşməsi xalqımız üçün rifahı, ulu öndərin nəsillərə əmanəti olan müstəqilliyin "daimilik, sarsılmazlıq və əbədilik" formuludur.

Tahirə Allahyarova,
Professor, STM departament müdiri

Teqlər: Prezident   Müşavirə