Deputat Belqradda erməni spikerə tutarlı cavab verib

Deputat Belqradda erməni spikerə tutarlı cavab verib
  18 Oktyabr 2019    Oxunub:1821
Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında Ermənistan parlamentinin sədri Ararat Mirzoyan çıxış edərək beynəlxalq hüququnun prinsiplərindən söz açıb, bütün dövlətləri Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində əks olunmuş müddəalara hörmətlə yanaşılmasına çağırıb və gülünc, əsassız səbəblər gətirməklə Türkiyənin bu günlərdə terrorçulara qarşı həyata keçirilən “Barış Pınarı” əməliyyatının dayandırılmasını tələb etmək üçün parlamentarilərə müraciət edib.
Azvision.az xəbər verir ki, bir qədər sonra tədbirdə söz almış Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov Ermənistanın parlament sədrinin çıxışına münasibət bildirərək, Ermənistanın beynəlxalq hüququ və onun universal prinsiplərinin ən kobud şəkildə pozan dövlət olduğunu, Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən 25 ildən artıq müddət ərzində icra olunmadığını qeyd edib.

A.Mirzoyanın BMT-nin Nizamnaməsinə hörmətlə yanaşılması çağırışına gəldikdə isə, deputatımız Ermənistanın parlament sədrinə Nizamnamənin 25-ci bəndində təşkilatın üzvlərinin Təhlükəsizlik Şurasının qərarlarına tabe olması və onların yerinə yetirilməsi öhdəliyinin nəzərdə tutulduğunu xatırladıb və ona bu çağırışın, ilk növbədə, öz ölkəsinə ünvanlanmasını tövsiyə edib.

K.Bayramov bildirib ki, Ermənistan baş nazirinin bir müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı verdiyi əsassız bəyanatlar bu işğalçı dövlətin beynəlxalq hüquqa məhəl qoymadığını, BMT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrin ümumiyyətlə qəbul etmədiyini göstərir.

Azvision.az


Teqlər: Deputat   KamranBayramov  





Xəbər lenti