Komitə sədri Fondun rəhbərliyini mükafatlandırıb
Daha sonra Komitə sədri Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun 2 illik fəaliyyətinə qısa nəzər salıb, həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O qeyd edib ki, maarifləndirmə tədbirləri daha çox ailə, mənəviyyat, milli kimlik, tolerantlıq, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzuları əhatə edib və ötən ildən bu günədək ölkənin müxtəlif bölgələrində 100-ə yaxın konfrans, seminar və "dəyirmi masa”lar təşkil olunub. Həmçinin, ötən il Fondun dəstəyi ilə 51 müxtəlif adda kitab nəşr edilib, 3 sənədli film, 5 sosial videoçarx hazırlanıb. Tədbirlərin davamı olaraq bu ilin sonunadək 43 adda kitabın nəşri, 6 sənədli film və 6 sosial videoçarxın hazırlanması nəzərdə tutulur.
DQİDK sədri Fondun 2 illik fəaliyyətini yüksək dəyərləndirərək qeyd edib ki, MDTF-nin təşəbbüsü ilə reallaşdırılan layihələr cəmiyyətimizin inkişafına mühüm töhfələr verir, xalqımıza məxsus dəyərlərin təbliği mexanizminin yaradılmasında aparıcı qüvvələrdən birinə çevrilir. Fondun 2 il ərzində çox əhəmiyyətli işlər gördüyünü deyən M.Qurbanlı bu fəaliyyətin cəmiyyətimiz üçün olduqca faydalı olduğunu söyləyib. Komitə sədri qurumun gələcək işlərində də mühüm təşəbbüslərlə çıxış edəcəyinə əminliyini ifadə edib.
MDTF-nın icraçı direktoru Mehman İsmayılov diqqət və dəyərə görə təşəkkürünü bildirib. O, mənəvi dəyərlərimizin təbliği sahəsində gələcək fəaliyyətlərini mövcud təcrübədən yararlanmaqla daha da təkmilləşdirəcəklərinə, bu gün beynəlxalq arenada gündən-günə mövqelərini möhkəmləndirən Azərbaycanın mənəvi dəyərlərinin xaricdə də təbliği sahəsində mühüm addım atacaqlarına əminliyini ifadə edib.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, direktor müavinləri Ceyhun Əliyev və Rəfi Qurbanova fəxri fərmanlar təqdim edilib.
Azvision.az