“Kadrlar yalnız gənclərdən ibarət ola bilməz” - YAP-çı deputat

 “Kadrlar yalnız gənclərdən ibarət ola bilməz” -  YAP-çı deputat
  22 Oktyabr 2019    Oxunub:3097
“O demək deyil ki, bütün pensiya yaşında olan insanların hamısı işdən getməlidir”

Prezident İlham Əliyev oktyabrın 21-də Əli Həsənovu Baş nazirin müavini vəzifəsindən azad edilməsi ilə bağlı verdiyi ərizə ilə əlaqədar qəbul edib. Ölkə başçısı görüşdə deyib ki, Əli Həsənovun atdığı addım iqtidardakı digər məmurlara yaxşı örnəkdir:
“Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

YAP-çı deputat Musa Quliyev bununla bağlı Azvision.az -a açıqlamasında deyib ki, kimin istefa ərizəsi yazmasından asılı olmayaraq son qərarı Prezident İlham Əliyev verir:

“Ümumiyyətlə, ölkədə kadr siyasətinin başında cənab Prezident dayanır. Kadrların yenilənməsi günün tələbidir. Gənc, kreativ düşüncəli, müasir, savadı və təcrübəsi olan gənclərimizin irəli çəkilməsi həmişə önəmli məsələ olub. İndi də bu proses davam edir. Amma bu heç də o demək deyil ki, bütün pensiya yaşında olan insanların hamısı işdən getməlidir. Prezident harada lazım bilirsə, orada yenilənmə gedəcək və bununla bağlı qərarlar qəbul olunacaq. Digər tərəfdən gedənlərin yerinə ancaq gənclər gəlməlidir? Təcrübəli adamlar da bizə lazımdır. Uzun müddət siyasətdə olan, Heydər Əliyev, İlham Əliyev siyasətini dəstəkləyən insanlar var. Onları indi başqa vəzifələrdə işlətmək olar. Bu, normal prosesdir. Prezident də ötən gün bir daha vurğuladı ki, bu proses davam edəcək. Yeni kadrlar təşəbbüslərlə çıxış etməli, islahatlara dəstək, öz töhfələrini verməlidirlər. Azərbaycan inkişaf edir və yeni dövrün tələblərinə uyğun yeni kadrlar gəlməlidirlər”.

M.Quliyev hesab edir ki, kadrlar yalnız gənclərdən ibarət ola bilməz: “Həmin kadrın mütləq təcrübəsi olmalıdır. Xaricdə universiteti bitirib gəlmiş birini böyük bir vəzifənin başına qoymaq olmaz. Çünki həmin kadr siyasi arenada olmalı, müəyyən idarəçilik təcrübəsinə yiyələnməlidir. Ən azı bir neçə pillədə rəhbər vəzifələrdə olmalıdır ki, ona böyük vəzifələr həvalə oluna bilsin. Bəzi gənclərimiz düşünə bilər ki, universiteti bitirmişəm və mənə mütləq böyük vəzifələr verilməldir. Həyat onu sübut edir ki, bütün pillələri keçmək lazımdır. Hesab edirəm ki, gənc və təcrübəli kadrlar daha böyük uğurlar gətirə bilər.

Cənab Prezidentə kimlər lazımdırsa, onlarla işləyəcək. Kimləri dəyişmək lazımdırsa, onları dəyişəcək. Hər kəs desin ki, pensiya yaşındayam və istefa verirəm. Bu, doğru deyil. Çünki ona vəzifə tapşırılıbsa, o vəzifəni yerinə yetirməlidir. Yox, əgər hiss edirsə ki, etimadı doğrulda bilmir, templə ayaqlaşa bilmir, o zaman istefa ərizəsi ilə müraciət edə bilər. Bu gün kimsə pensiya yaşındadır, amma işinin öhdəsində gəlir və o enerjini özündə hiss edirsə, yaşa görə demək olmaz ki, mütləq getməlisən. Bunun tərəfdarı deyiləm”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Kadr   İslahat  





Xəbər lenti