"Sarı jiletli" Parisə və "dumanlı" Londona Bakıdan baxış

 "Sarı jiletli" Parisə və "dumanlı" Londona Bakıdan baxış
  23 Oktyabr 2019    Oxunub:3062
Dünya tarixi inkişaf etdikcə Fukuyamasayağı təhlillər özünü tam olaraq büruzə verir. Biz dünya tarix fəlsəfəsində anlayışların monopoliyasına, siyasi manevrlərin hədsiz imkanlarına, insan haqları və bir sıra bəşəri dəyərlərin necə ustalıqla istifadə olunmağına şahidlik edirik.
Dünya gələcəyi birxətli inkişaf yolundan çoxdan çıxıb. İndi tərəqqi və proqressiv proqnozlaşdırmadan daha çox əyrixətli reqres prosesi müzakirə olunur. İnsanların səsini təmsil etmək müstəsna bir hüquq kimi qəsb olunur. Diqqət edin, xalqların iradəsi tapdalanır. İmperializmin “qanlı əlləri” “ondan olmayanlar”a qarşı necə canfəşanlıqla mübarizə aparır. Əgər sən dünyadakı siyasi maraqları çoxdan öz imperialist maraqları ilə harmoniya edən qlobal güclərin yanındasansa, satılırsansa, əyilirsənsə, öz kapitalını, maddi sərvətlərini onların ağuşuna verirsənsə, tiranlıqdan da daha dəhşətli bir idarəetmə ilə öz xalqını əzə bilərsən, onda sənə “gözün üstündə qaşın var” deyən olmayacaq. Yox, müstəqil siyasət yeridəcəksənsə, razılaşmayacaqsansa, öz dövlətçilik təsisatlarını möhkəmləndirəcəksənsə, nə qədər xalqın səni sevir-sevsin, diktator damğasıyla üzləşəcəksən. Daha sonra beynəlxalq qəsb lobbilərinin kuklası olan təşkilatların saxta “fikir plüralizmi”, “söz azadlığı”, “demokratik təsisatlar” klişelərinin amansız veb basqısı ilə üzləşməli olacaqsan.

Məşhur tarix fəlsəfəçisi Arnold Toynbi yazırdı ki, imperializm üçün ən ali insan dəyərləri təbliğat vasitəsidir.

Biz indi dünyada savaşları, qırğınları, qətliamları, xalqların hüquqlarını vəhşicəsinə istismar edənləri mavi ekranın propaqanda bağıran təsvirindən, internetin və sosial medianın təsir areallarından, dünyadakı siyasi qruplaşmaların əlaltısı olan qəzet parçalarından çox rəngarəng şərhlərlə görürük. Ceyms Yasper “Əxlaqi protest sənəti” kitabında dolayı yolla etirazların və mitinqlərin necə xarici siyasi təsir vasitəsinə çevrildiyini izah edir.

Etirazın fəlsəfi-psixoloji mahiyyəti

Etiraz fəlsəfəsi bütün tarixdə insanların öz fikrini ifadə etməyinin toplu forması hesab olunurdu. Mitinqlərlə nələrə nail olunub? Bax, bu sual altındadır. Çox vaxt mitinqlər daxili sabitliyin laxlamasından ziyadə dövlətlərə və xalqlara heç bir pozitiv təsir göstərməyib.

Mitinqlər vasitəsilə: 1) Dünyada heç bir ciddi siyasi dəyişiklik baş verməyib. 2) Daxili istəklərin reallaşmağından daha çox xarici təsirlərin və nüfuzetmənin imkanları böyüyüb. 3) Siyasi şüurun və psixologiyanın passiv və məğlub edilmiş obrazı dərinləşib. Müxalifətçiliyə və mitinqlərə fərqli mövqe oyan siyasət fəlsəfəçiləri və filosoflar qanunsuz aksiyalar və icazəsiz mitinqləri enerjinin boşuna xərclənməsi kimi təqdim edirlər artıq.

Qanunsuz mitinq çağırışları əvvəllər xüsusi mərkəzlər tərəfindən göndərilən məktublar, qapı döymə, kütləvi buklet və bülleten yayılmağı ilə xarakterizə olunurdusa, indiki dünyamızda mitinqlərin başlıca informator qaynaqları və bilgi yayılma mənbələrini belə qruplaşdıra bilərik:

1) Sosial media. Boşuna deyil ki, sosial şəbəkələr ünsiyyət sərhədsizliyi fenomenini formalaşdırmaqla bərabər, həm də qlobal beyin mərkəzlərinin rəngli inqilab ssenarilərinin də mühüm ruporuna çevrilib.

2) Sosial narazılıq simptomları formalaşdırmaq. Sosial hansısa tələbləri siyasi iqtidarlara yönəltmək, ayrı-ayrı fərdi və özəl tələbləri hakimiyyətin üzərinə yazmaq üçün dayanmadan təbliğat aparmaq mühüm mitinq bazasına çevrilib.

3) Təsadüfi inqilabçılar yetişdirmək. Eyni formada “Lex Valensa”lar, “Çe Gevara”lar formalaşdıraraq, heç kimin tanımadığı bivec adamları tarixdəki obrazlarla müqayisə edib simasını və obrazını formalaşdırmaq da mühüm protest informasiyası yayma vasitəsinə çevrilib.

4) Küy, qaraşqışqırıq, dezinformasiya, xəbər çirkliliyi və digər 21-ci əsr bəlaları da “meydana çıxarma” imperialist aktının digər mühüm komponentləri qismində çıxış edir.

Rəqəmsal dünya etirazın özəyi kimi

Haymi Behar rəqəmsal dünya ilə bağlı tez-tez maraqlı yazılarla çıxış edir. 1848-ci ildə Avropada on iki yaşında işçilər ac qalmamaq üçün gündə on beş saat qul kimi işlədilir. Londonda Marks və Engelsin “Kommunist Manifesti” nəşr etdirdikləri soyuq fevral günlərində, Paris küçələrində fransız baş naziri Guizotun istefasını istəyən və etiraz edən nümayişçilərə polisin atəş açıb 52 nəfəri öldürməsi ilə üsyan başlayır. Dövrün amansız kapitalist rejiminin qurbanı şəhərli kasıb fəhlələr sosial hüquqlar əldə etmək üçün ayağa qalxırlar. "Azadlıq, bərabərlik, qardaşlıq" şüarının içini dolduran və digər Avropa ölkələrinə də yayılan bu xalq hərəkatı ilə fəhlələr günümüzdə Qərb ölkələrində standart olan bir çox sosial hüququ həyatlarını ortaya qoyaraq əldə edirlər. Lakin hələ rəqəmsal çağa daxil olmadığımız bu zamanlarda xalq etirazları qətiyyən məqsədli xarici qrupların vinti rolunda çıxış etmirdi.

Avropanın az qala hər yeriniı bürüyən 1848 inqilabları günümüzdə "Xalqların Oyanışı" olaraq da adlandırılır. Yüksək işsizlik, ağır iş şəraiti və iqtisadi böhranın təkan verdiyi inqilabi üsyanlarda dövrün kommunikasiya texnologiyasında əldə olunan irəliləyişin də böyük təsiri var. 1840-cı illərdə gündəlik qəzetlərin yayılması və teleqraf xətlərinin çoxalması Avropa şəhərləri arasındakı ünsiyyəti artırdı. Qəzetlərin müxtəlif ölkələrdən xəbərləri daha tez çatdırması köhnə qitədəki xalqları tarixdə heç olmadığı qədər bir-birinə yaxınlaşdırdı. İngiltərədə xalqın əldə etdiyi seçmə, təhsil və iş şəraitlərində yeni hüquqlar, informasiya inqilabı sayəsində qısa müddətdə digər Avropa ölkələrindəki şəhərli kasıb xalqların da tələblərinə çevrildi.

2011-ci ildə Yaxın Şərqdə şahidi olduğumuz tarixi xalq inqilabları on illərdir əsas özgürlükləri amansız diktatorlarla məhdudlaşdıran ərəb dirçəlişi kimi qələmə verilir. Bu inqilablara daxili sosial “rəng” əlavə olunur. Son otuz ildə dünyada baş verən bir neçə əsas dəyişiklik 2011 inqilablarının alt strukturunu hazırlayıb.

1961-ci ildə 30 milyon olan Misirin əhalisi 2011-ci ildə 80 milyona çatıb. %50-i 25 yaşın altında olan bu böyük xalq kütləsi cib telefonları və internet əsrində dünya ilə daha bütünləşmiş bir şəkildədir.

Qlobal iqtisadi böhran, ərzaq və enerji qiymətlərini çox mənfi təsir etdi. Misirdə 2010-cu ildə əsas ərzaq məhsullarında%32 qiymət artımı baş verib. Bu həyat bahalılığı, əhalinin yarıya yaxınının gündə 2 dollar ilə yaşamaq məcburiyyətində olması Misir xalqının həyat şərtlərini dərindən sarsıtdı. Doxsanıncı illərdə doğulan nəsil akademik dildə "rəqəmsal nəsil” olaraq tanınır. Anadangəlmə kompüterlər, internet, ağıllı telefonlar ilə tanış olurlar. 80-ci illərdən əvvəl anadan olanlar isə rəqəmsal dünyaya köç etmiş, yazıdan kompüter klaviaturasına keçid etmiş nəsildir. Rəqəmsal nəslin isə doğulduqları texnologiya dövründə, mobil cihazların və internetin olmadığı bir dünyanı təsəvvür belə etmək mümkün deyil.

Rəqəmsal inqilabın ən əhəmiyyətli xüsusiyyəti məlumatın qlobal olaraq sadə və anında bölüşülməsidir. Yaponiyadakı zəlzələ və sunamini milyonlarla insan evlərindəki televiziyalardan canlı izlədi. Sosial mediada cığır açan “Facebook” və “Twitter” sayəsində dünyanın ən ucqar guşələrindən insanlar bir-biri ilə danışmağa, kommunikasiya qurmağa və təşkilatlanmağa başladılar.

Tunisdəki inqilabdan bu yana tez-tez "Facebook inqilabı" ifadəsi də istifadə edilir.

2000-ci ildə keçmiş Yuqoslaviyada Slobodan Miloşeviçə qarşı keçirilən etirazların təşkilatçılarından Slobodan Cinoviç o gündən bu yana "Canvas" adlı qrupuyla diktator rejimlərini dinc yolla devirmək istəyən müxalif hərəkatlara məsləhət görür.

Və indi sosial medianın damğasını vurduğu dövrümüzdə avtoritar rejimlərin yaşamasının mümkün olub-olmadığı müzakirə edilir. Bütün hallarda Şərqdə baş verən etiraz toplantılarını xalqların azadlıq çıxışı kimi adlandıranlar və qeyd edənlər nəyə görəsə Avropa Birliyinə daxil olan ölkələrdəki qanunsuz mitinqlərə çıxışları, mitinqlərdəki polis zorakılığını görmürlər.

Fransadakı protest ruhunun Avropaya yayılması və polis zorakılığı

Əlli il əvvəl, 1968-ci ildə bir ümumi tətil Fransanı proletar inqilab həddinə gətirmişdi. Təxminən 10 milyon işçi əməyi dayandırdı, zavodları işğal etdi və ölkənin iqtisadi həyatını dayanma nöqtəsinə gətirdi. Fransız kapitalizmi və De Qoll rejimi ümumi tətilin nəzarətə alınması və son qoyulması üçün hər şeyi edən Kommunist Partiyanın və onun hakimiyyətindəki CGT Həmkarlar İttifaqının dəstəyilə ayaqda qalmışdı. Fransız ümumi tətili ərəfəsində, gəncliyin Vyetnamdakı müharibəyə, mürtəce sosial şəraitə və digər problemlərə qarşı qlobal bir radikallaşması mövcud idi. O, beynəlxalq fəhlə sinfinin, İkinci Dünya Müharibəsinin başa çatmasından o günə qədər baş vermiş ən böyük etirazının başlanğıcı idi. Bu etirazlar 1970-ci illərin ortalarına qədər davam etdi, hökumətləri istefaya vadar etdi, diktaturaları devirdi və bir bütün olaraq burjua hakimiyyətini mühakimə etdi. Almaniyada 1969-cu il sentyabr tətilləri, İtaliyada isə "isti payız" etirazları baş verdi. Polşa ilə Çexoslovakiyada (“Praqa Baharı”) işçilər Stalinist diktaturaya qarşı ayağa qalxdı. Britaniyada qazmaçılar 1974-cü ildə mühafizəkar hökumətləri devirdi. Yunanıstanda, İspaniyada və Portuqaliyada sağçı diktaturalar dağıldı. Amerika Birləşmiş Ştatları Vyetnamdan məğlubiyyətlə çəkilmək məcburiyyətində qaldı. Bütün bu etirazlarda insanların toplaşmağına icazə verilsə də, onlara qarşı sərt müdaxilələr edildi və bütün bunlardan indiyə kimi danışılmır.

Fransa 1960-larda dərin bir ziddiyyət ilə xarakterizə olunurdu. Siyasi rejim avtoritar və son dərəcə mürtəce hesab olunurdu. İkinci Dünya Müharibəsinin sonunda Fransanın böyük bir qismi kənd təsərrüfatına əsaslanır, əhalinin yüzdə 37-si hələ də kənd yerlərində yaşayırdı. Sonrakı 20 il ərzində fransız fermerlərin üçdə ikisi torpağı tərk etdi və şəhərlərə köçdü.

1962-ci ildə, Əlcəzair Müharibəsinin bitməsindən sonra fransız iqtisadiyyatı qəribə çaxnalaşmalarla xarakterizə olundu. Müstəmləkələrin itkisi fransız burjuaziyasını, iqtisadiyyatını daha güclü bir şəkildə Avropaya yönəltməyə vadar etdi. Fransa 1957-ci ildə Avropa Birliyinin aparıcı təsisatı olan Avropa İqtisadi Birliyinin təşkilat sənədi Roma Müqaviləsini imzalamışdı.

“Sarı jiletlər”ə atlar və itlərlə hücum

Noyabrın 17-də Fransada yanacağın artmasına qarşı keçirilən mitinqlərlə başlayan proseslər Avropanın digər ölkələrinə də yayılmağa başlayıb. Belçika və Hollandiyadan sonra Almaniyada da Fransaya dəstək aksiyası keçirilib.

Bu hərəkat “Sarı jiletlər” adlanır. Bu da təsadüfi deyil. Belə ki, noyabrın 17-də Fransada aksiyaları sarı jilet geyinən şəxsin başlatmasıdır. Digər ölkələrdə Fransadakı aksiya iştirakçılarına dəstək verənlər də sarı jiletlərdə mitinqlər keçirirlər.

Ekspertlər cərəyan edən prosesləri inqilab kimi qələmə verməyə başlayıblar. İndiyə qədər baş verən “qızılgül”, “narıncı” və “ərəb baharı” adlanan inqilabları artıq “Sarı jiletlər” adlanan hərəkatın əvəzlədiyi bildirilir. Aksiyaların digər ölkələrə də yayıla biləcəyi ehtimal edilir.

Bu aksiyalar polisin misli görünməmiş zorakılığı ilə yadda qaldı. Bəs niyə səsi çıxmadı avropalıların və Avropa qurumlarının? Politoloq Nəzakət Məmmədova bu aksiyalarla bağlı maraqlı şərhlər vermişdi. Fransa daima inqilabların, müharibələrin, müxtəlif hərəkatların mərkəzi rolunu oynayıb. Onu Avropanın ”barıt çəlləyi" adlandırmaq olar. Burada baş verən hadisələr bütün Avropaya yayılıb, tarixin gedişatını dəyişdirib.

“Sarı jiletlər” üsyanının da Avropaya yayılmaq təhlükəsi bununla izah oluna bilər. Vətəndaşlar sarı jilet geyinərək sosial zəmində etirazlara başladılar. Fransadakı hadisələrin dizel yanacağının bahalaşmasına olan etirazdan başlayıb prezident Makronun istefasına və hökumətin ədalətsiz siyasətinə qarşı çevrilməsindən belə bir nəticəyə gəlmək olar ki, aksiya əvvəlcədən siyasi məqsədlə planlaşdırılmış hərəkat olub. Bu hadisələrin 1968-ci ildə başlayan De Qolla qarşı iğtişaşlardan sonra Fransada ən genişmiqyaslı iğtişaşlar olduğu qeyd edilir. Bu müqayisənin aparılması təsadüfi deyil.

De Qoll da Makron kimi Avrosentrizm tərəfdarı olan prezident olaraq ABŞ-ın Avropanın siyasətinə müdaxiləsinə qarşı çıxaraq, Avropanın öz məsələlərinin qitə ölkələri tərəfindən həllinə tərəfdar çıxmış, bununla da Atlantizmdə çatlar yaranmışdır. 1962-ci ildə o, NATO əsgərlərinin bir neçə sutka ərzində Fransa torpağını tərk etməsi göstərişi vermişdi. İndi də sanki tarix təkrar olunur və bu dəfə də ABŞ-Fransa qarşıdurmasının ön cəbhəsində Fransa dayanır.

1968-ci il hadisələri hətta De Qoll kimi təcrübəli siyasətçinin, dünya müharibəsində uzun döyüş yolu keçmiş generalın siyasi karyerasına sarsıdıcı zərbə vurmuşdu. 50 il sonra Makronun belə bir qarşıdurmaya sürüklənməsi heç şübhəsiz ki, onun da prezident kimi siyasi karyerasında böhranlı dövr kimi yadda qalacaqdır.

"Dumanlı" London

Dünyanın demokratiya çarçılığına iddia edən Londonun dumanları isə təkcə payızda görünmür. Londonda oğurluq üstündə həbs edilən və piloslər tərəfindən döyülərək öldürüldüyü deyilən qaradərili gənc Raşan Çarlzın ölümünə etiraz olaraq aksiyalar keçirildi. Aksiya iştirakçıları paytaxtda barrikadalar qurmuşdu. Qeyd edək ki, 15 iyunda da nəzarətə alınan 25 yaşlı bir gənc polisin zərbəsi nəticəsində həyatını itirdiyi haqqında iddialar vardı mediada.

Daha sonra isə “Brexit”ə görə nümayişlər başladı və polisin təqibləri davam etdi.

Sərbəst toplaşa bilməyənlərin azadlığı və Bakı

İndi isə bir qədər öz ölkəmizə baxaq. Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri ötən gün Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd edib. Sayları təxminən 220 nəfərədək olan radikallar bir neçə qrup halında “28 May” metrostansiyasının önündəki meydana daxil olmağa çalışıblar.

“28 May planı” alınmayan radikalların vətəndaşların təhlükəsizliyini qoruyan Azərbaycan polisi barədə apardığı qarayaxma kampaniyası başa düşüləndir. Sözün açığı, bu cür neqativ niyyətli insanlardan başqa bir şey gözləməyə dəyməzdi.

Qərb ölkələrində icazəsiz aksiyaların necə dağıdılması ilə ölkəmizdə cəhd edilən mitinqi müqayisə etsək, Azərbaycan polisini zorakılıqda günahlandırmaq ən azından haqsızlıq olardı. Təəssüf ki, sosial şəbəkələrdə polislərimizə qarşı kampaniya başladıb, onların ünvanına ittihamlar yağdıranlar mühacirət etməyi arzuladıqları Qərbdəki aksiyaların necə dağıdılmasını görməzdən gəlirlər.

İspaniyanın Kataloniya əyalətində keçirilən mübahisəli referendumda səs verənlərə qarşı tətbiq edilən amansız polis zorakılığı uzun illər boyu digər ölkələrə və xalqlara sırıdılmağa çalışılan Qərb demokratiyasının bütün mahiyyətini açdı və gerçək üzünü göstərdi.

İcazəsiz aksiyalar dünyanın heç yerində alqışla qarşılanmır

Avropa ölkələrində mitinq və digər aksiyaların keçirilməsinə bir halda izn verilir ki, sənaye obyektlərinin, inzibatı binaların yaxınlığında və yaşayış massivlərinin içində olmasın, onun təşkilatçıları ictimai asayişin pozulmayacağı, heç kimə və heç nəyə zərər yetirlməməsi haqda öhdəlik götürsünlər. Millət vəkili Sahib Alıyev bu barədə maraqlı bir yazı paylaşıb. Əks təqdirdə aksiyalara izn verilimir, cəhd olduqda dəyənək, su şırnağı, göz yaşardıcı qaz və rezin güllələrin köməyilə çox amansızlıqla qarşısı alınır.

Ştatlar üzrə fərqlənsə də, bütövlükdə götürdükdə kütləvi aksiyaların keçirilməsiylə bağlı qanunvericilik ABŞ-da Avropadan daha sərtdir. Bunun üçün yanğınsöndürmə xidməti, nəqliyyatdan sorumlu qurumlar və polisin razılığı mütləqdir. Bu razılıqlar olduqda belə, bələdiyyə istəsə, ən çeşidli səbəblər gətirirərək aksiyaların keçirilməsini rədd edir. İzinsiz aksiyalar isə Avropadakından da daha amansızlıqla dağıdılmaqla yanaşı, üstəlik iğtişaş kimi təsbit edilərək ora qatılanara həbs cəzaları da kəsilir. Məsələn, Nyu Yorkda iğtişaşların 3 kateqoriyası bəlirlənib. "A" kateqoriyası iğtişaşın o növüdür ki, burada 5 və daha çox adam icitimai asayişi pozmağa qalxırlar. Belələri bir il həbsə atıla bilərlər. Sadəcə iznsiz kütləvi aksiya keçirilməsinə görə 3 ayadək iş kəsilir. Bu "B" kateqoriyasına aid iğtişaş kimi qiymətləndirilir. Bir də var kimlərəsə maddi zərər və fiziki xətər yetirilən "E" kateqoriyasına aid olunan iğtişaşlar. Fransada və İspaniyada mitinqə çıxanlarla polisin necə davrandığını son günlər özünüz görürsünüz. Söhbət İspaniyadan gedirsə, vurğulayım ki, bu cür davranış sadəcə separatçılara qarşı tətbiq edilmir. Xatırlayıram, 2012-ci ildə İspaniyanın rüşvətxorluqda suçlandırlan keçmiş Baş nazirinin istefası tələbiylə aksiya keçiriləndə də polis eyni davranışı göstərmiş, onlara qarşı gözyaşardıcı qaz, su şirnağı istifadə edirlər.

Onlar aksiyaçıların üzərinə at və it yeritməkdən də çəkinmirlər. Sonuncu dəfə belə bir olay iki ay yarım bundan öncə Londonda baş verdi. Məhkəmənin gedişindən iznsiz reportaj hazırladığıa görə həbsə atılan jurnalist Tommi Robsonun tərəfdarlarının keçirdikləri etiraz aksiyası atlı polis alayının köməyilə dağıdıldı. Onlarla adam tutulub saxlandı.

Biz isə sabitliyə qənim kəsilənlərin real niyyətlərini hər zaman müşahidə edəcəyik! Ölkəmiz sabitlik qalası olaraq qalacaq!

Tural İsmayılov
Azvision.az üçün


Teqlər: Mitinq   Aksiya  





Xəbər lenti