“Avropa İttifaqının tələsik bəyanatı reallığı əks etdirmir” - Hikmət Hacıyev

 “Avropa İttifaqının tələsik bəyanatı reallığı əks etdirmir” -  Hikmət Hacıyev
  23 Oktyabr 2019    Oxunub:3543
Bəzi müxalifət qrupları tərəfindən Bakının mərkəz hissəsində icazəsiz mitinq cəhdi birtərəfli və təhrif olunmuş şəkildə təqdim edildi. Avropa İttifaqının mitinqlə bağlı tələsik bəyanatı reallığı əks etdirmir. Həddindən artıq güc tətbiq edilməsi və onlarla insanın tutulması ilə bağlı iddialar sadəcə həqiqətə uyğun deyil.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “Euractiv”dəki şərhində bildirilir.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin edilib. Müxalif qrupun müraciətinə cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti nümayişin Bakının Lökbatan qəsəbəsində keçirilməsini təklif edib:

"Ancaq sözdə müxalifət qrupları bundan imtina etdi və "28 May" stansiyası ərazisində icazəsiz aksiya keçirmək barədə qərar qəbul etdi. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna görə təhlükəsizlik səbəbindən metro stansiyalarının ərazisində kütləvi mitinqlər və nümayişlər keçirmək qadağandır.

Bundan əlavə, eyni qrupun 8 oktyabrda Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz piketinin keçirilməsi barədə müraciəti təmin edildi. Lakin onlar sıx iş saatlarında bunu mərkəzi küçə boyunca mitinqə çevirməyə cəhd göstərdilər.

19 oktyabr mitinqə cəhd zamanı Azərbaycan polisi peşəkar və adekvat şəkildə hərəkət etdi. Saxlanılanlar lazımi şəkildə məlumatlandırıldıqdan sonra sərbəst buraxıldılar. Heç kim xəsarət almadı. Bəzi şəxslərə, o cümlədən AXCP sədri Əli Kərimliyə polisin xəsarətlər yetirməsi barədə iddialar yalan ifadələrdən başqa bir şey deyildir.

Ayrıca, Avropa ölkələrinin bəzilərinin paytaxtlarında dinc nümayişçilərə qarşı qeyri-adekvat və həddindən artıq güc, o cümlədən rezin güllələrin tətbiqinin, itlərdən istifadənin şahidi olmuşuq".

H.Hacıyev əlavə edib ki, AXCP tarixin bir qalığıdır. Onların 90-cı illərin əvvəllərində apardıqları siyasət Azərbaycanı vətəndaş müharibəsi həddinə və uğursuzluğa gətirib çıxarmışdı:

"Azərbaycanın sosial-iqtisadi inkişafı və hökumətin hərtərəfli islahat proqramı onları tamamilə arqumentsiz qoyur. Anarxist küçə etirazları, populizm və demaqogiya istifadə etdikləri yeganə vasitədir. Bu mitinqə cəhdin əsl niyyəti hadisələri daha dramatik təqdim etmək, insanları zərərçəkmiş qurban kimi göstərmək idi. Bu, həm də daxili və beynəlxalq ictimai dəstək almağa hesablanmışdı. Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır".

P.Sultanova
Azvision.az


Teqlər: Hikmət-Hacıyev   PA  





Xəbər lenti