Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi

 Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi
  23 Oktyabr 2019    Oxunub:6432
Mikayıl Çingiz oğlu Cabbarov Vergilər naziri vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə M.Cabbarov Azərbaycanın İqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Prezidentin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Ölkə başçısının 2009-cu il 6 mart tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan əlavə, M.Cabbarov Prezidentin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə Azərbaycanın Təhsil naziri təyin edilib. O, 2017-ci il 5 dekabr tarixində isə Vergilər naziri vəzifəsinə təyinat alıb.

Evlidir, 2 övladı var.

Azvision.az


Teqlər: Mikayıl-Cabbarov   Nazir   Sərəncam  





Xəbər lenti