MSK seçki ilə bağlı seminar keçirir

  24 Oktyabr 2019    Oxunub : 596
MSK seçki ilə bağlı seminar keçirir
Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.
Azvision.az xəbər verir ki, bu məqsədlə bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunan seminar keçirilib.

Tədbirdə çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, 15 156 bələdiyyə üzvlüyü yeri uğrunda 10 minlərlə passiv seçki hüququna malik vətəndaşlar iddiaçı qismində qatılır. Vurğulayıb ki, böyük namizəd ordusunun qarşısında dayanmaq üçün dairə seçki komissiyaları tam hazırlıqlı olmalı və əvvəlki illərdəki peşəkarlığını davam etdirməlidir.

Seminarda MSK üzvləri və Katibliyin əməkaşları tərəfindən bələdiyyə seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin tanışlıq məqsədilə hər bir iştirakçıya MSK-nın bələdiyyə üzvlüyünə namizədlər üçün hazırladığı yaddaş kitabçası təqdim edilib.

Qeyd olunub ki, genişmiqyaslı maarifləndirmə layihəsi kimi gerçəkləşdirilən bu tədbir dairə seçki komissiyalarının məlumatının artırılması və bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi və qeydiyyatı ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

Seminar iki gün davam edəcək və ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarını əhatə edəcək.

Tədbirlərdə seçki keçirilən dairələrin hər birindən iki təmsilçi – sədr və bələdiyyə üzvlüyünə namizədliyin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdində yaradılan işçi qrupunun rəhbərləri olmaqla, ümumilikdə 250-yə yaxın aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Bələdiyyə   Seçki