DYP regionlarda sərnişinləri maarifləndirir

  24 Oktyabr 2019    Oxunub : 599
DYP regionlarda sərnişinləri maarifləndirir
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, yol hərəkəti iştirakçılarının, o cümlədən sərnişinlərin maariflədirilməsi istiqamətində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən başladılmış təbliğat-təşviqat xarakterli tədbirlər təkcə Bakı şəhərini deyil, ölkəmizin bütün regionlarını əhatə etməkdədir.
İdarədən Azvision.az -a verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafı fonunda əhalinin yol hərəkəti mədəniyyətinin daha da yüksəldilməsini, onların yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsələlərin həllində bilavasitə və aktiv iştirakçılığının təmin edilməsini fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edən BDYPİ növbəti tədbirini Şəkidə keçirib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsinin və Şəki avtovağzalının təmsilçilərinin də qatıldıqları tədbir bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib. Şəki avtovağzalında keçirilən görüşdə bu dəfə DYP əməkdaşları sərnişin daşıyanları deyil, sərnişinləri maarifləndiriblər.

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanan tövsiyə xarakterli posterin məzmunu barədə sərnişinlərə məlumat verən DYP əməkdaşları onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar.

Posterdə sərnişinlərə xitab edilərək, onlara həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə olunur. Bununla yanaşı, posterdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin 902 - qaynar xəttinə məlumat vermələri sərnişinlərdən xahiş olunur.

DYP tərəfindən keçirilən maarifləndirmə tədbiri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanıb və müsbət qiymətləndirilib.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini bir daha xahiş edir.

Azvision.az

Teqlər: DYP   Sürücü   Sərnişin