“Attestasiyadan uğurla keçən rezidentlərin sayı azalıb” - Rektor

  25 Oktyabr 2019    Oxunub : 724
 “Attestasiyadan uğurla keçən rezidentlərin sayı azalıb” - Rektor
"Ötən ilə nisbətən attestasiyadan uğurla keçən rezidentlərin sayı azalıb. Bu da imtahana yeni tipli sualların salınması ilə əlaqəli ola bilər".
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Attestasiya komissiyasının üzvləri ilə görüşdə deyib. Onun sözlərinə görə, bu il bir çox ixtisaslar üzrə imtahan sualları yenilənib: "İstənilən halda, nəticələr ciddi tədqiq olunaraq, aşkarlanan nöqsanlar barədə xüsusi tədbirlər görüləcək".

Rektor qeyd edib ki, rezidentlərin attestasiyasının ilk test mərhələsi oktyabrın 28-də ATU-nun imtahan mərkəzində keçiriləcək. İkinci praktiki mərhələ isə 30-31 oktyabr və 1 noyabr tarixlərində universitetin müvafiq klinikalarında aparılacaq.

“Bu il istər ixtisas sayı, istərsə də rezident sayı əvvəlki illərə nisbətən artıb. Test mərkəzi, apelyasiya komissiyası da imtahanlara hazırdır. Bildiyiniz kimi artıq 3 ildir ki, ATU-da qiymətləndirmə prosesində dəyişikliklər tətbiq edilir. Bu prosesə rezidentlərin də qiymətləndirilməsi aiddir. Bu il ilk dəfə olaraq attestasiyada açıq suallar tətbiq olunacaq. Rezidentlərin istəyini nəzərə alaraq, açıq sualların sayını 10-dan 5-ə endirmişik”.

Görüşdə ATU-nun magistratura və rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov çıxış edərək attestasiya prosesinin qaydaları haqqında geniş məlumat verib. ATU-nun I mamalıq-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva çıxışında yeni robotla dərslərin hazırlanması, eləcə də attestasiyaya hazırlıq işləri barədə informasiyanı açıqlayıb.

Qeyd edək ki, yekun attestasiyaya 34 bazadan 333 nəfər imtahana buraxılıb, onlardan da 29 ixtisas üzrə 131 nəfəri ATU-nun məzunlarıdır. Eyni zamanda, ötən il sınaqdan keçməyən bir neçə rezident də bu il attestasiyaya buraxılıb. Beləliklə,bu dəfə ümumilikdə 34 ixtisas üzrə 360 nəfər attestasiyadan keçməlidir.

Aytən Zəhra
Azvision.az

Teqlər: İmtahan   ATU