Maduro Bakıdan dünyaya səsləndi: “Biz diz çökməməliyik”

  25 Oktyabr 2019    Oxunub : 3122
Maduro Bakıdan dünyaya səsləndi: “Biz diz çökməməliyik”
"Qoşulmama Hərəkatı həm də silahlı münaqişələrin qarşısını almaq üçün yaradılan bir təşkilatdır. Bizim 3 illik qurumda sədrliyimiz müddətində bu məqama xüsusi diqqət yetirmişik". Azvision.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.
Maduro bildirib ki, Venesuelanın sədrliyi dövründə üç konkret məqsəd və hədəf qarşıya qoyulub, Bunlar üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, müxtəlifliyin təmin olunması, sivilzasiyalar arasında yaxınlaşmanın daha da genişlənməsidir. Bununla bağlı bizim təşkilat müvafiq addımlar atır.

“Mən fürsətdən istifadə edərək Azərbaycana öz təşəkkürümü bildirirəm. Əminik ki, Azərbaycan hərəkata sədrliyi çərçivəsində həmrəyliyin inkişaf etməsi üçün işləyəcək. Biz bu istiqamətdə səyləri davam etdirməli, bir-birimizlə daha tez-tez görüşməliyik. Dövlətlər arasında sülh və həmrəylik olmalıdır. Xüsusilə, Fələstin məsələsində bacı- qardaşlarımızın taleyinə biganə qalmalı deyilik. Bəzi üzv dövlətlərə qarşı ədalətsiz məhdudlaşdırıcı addımlar atılır. Görürük ki, BMT-nin üzv dövlətlərinin üçdə ikisi burada təmsil olunub. Yəni, dünyadakı dövlətlərin əksəriyyəti buradadır. Bizim dövlətlərimizin zəngin ehtiyatları var, geosiyasi güclər isə öz planlarından geri çəkilmirlər".

Maduronun sözlərinə görə, üzv dövlətlər çalışmalıdır ki, hərəkatı gücləndirək, hətta onun hüdudlarından kənara çıxıb vacib iştirakçıya çevrilə bilək.

"Üzv dövlətlər adət-ənənələrin qorunmasına çalışmalıdır. Biz bu və ya digər dövlətin polis rolunu oynamasına imkan verməli deyilik. Hegemon dünyada yaşamamalı, kolonist, imperalist yanaşmadan qurtarmalıyıq. Təcavüz hallarının, onun iqtisadi formasının qarşısını almalıyıq. Çünki bu, bizim iqtisadiyyatımıza mane olur. Geosiyasi güclər çirkin kampaniya aparır ki, bundan xalqlar əziyyət çəkirlər. 30 milyonluq Venesuela xalqı da bundan əziyyət çəkir. Biz onların qarşısında diz çökməməli, dəyişikliyə nail olmalıyıq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Maduro