“Rusiya səy göstərsə, Qarabağ problemi həllini tapar” - Çavuşoğlu

  25 Oktyabr 2019    Oxunub : 2755
 “Rusiya səy göstərsə, Qarabağ problemi həllini tapar” - Çavuşoğlu
"Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasl üçün əlimizdən gələni edəcəyik".
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. XİN rəhbəri bildirib ki, Rusiya ilə hər zaman Qarabağ məsələsini müzakirə edirlər:

Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə nə zaman görüşürsə, Minsk üçlüyündən heç bir nəticə əldə edilmədiyini və Moskvanın bu məsələni həll edə biləcəyini söyləyir”.

Çavuşoğlu, Azərbaycanın ərazi bütövlüyünün Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilən qərarlar əsasında ən qısa müddətdə dinc yolla təmin olumasının vacibliyini ifadə edib.

"Bu, əslində Ermənistanın xeyrinədir. Əgər təcrid olunmuş bir ölkə olaraq qalmaq istəmirlərsə, bölgədə sülh istəyirlərsə, bu məsələdə onlar da gərəkən addımları atmalıdırlar”, - deyə XİN rəhbəri vurğulayıb.

Türkiyənin başda Rusiya olmaqla, bu mövzudakı səylərini davam etdirəcəyinə diqqəti çəkən Çavuşoğlu deyib: "Biz inanırıq ki, Ərdoğanın da Putinə söylədiyi kimi, Rusiya bu mövzuda səylərini sərf etsə, problem inşallah həllini tapa bilər. Biz Türkiyə olaraq da səylərimizi artıqrmaqda davam edəcəyik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu   XİN