Qoşulmama Hərəkatı Azərbaycan üçün nə vəd edir? - ŞƏRH

Qoşulmama Hərəkatı Azərbaycan üçün nə vəd edir? -  ŞƏRH
  26 Oktyabr 2019    Oxunub:4937
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi həm bizim, həm də təşkilat üçün faydalı olacaq"

Ötən gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb.
“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar.



Bakının növbəti dəfə yüksək səviyyəli tədbirə ev sahibliyi etməsinin bizim üçün əhəmiyyəti nədir?

Qoşulmama Hərəkatının Zirvə Görüşünü Azvision.az-a şərh edən sabiq diplomat, politoloq Fikrət Sadıqov bildirib ki, bu, Azərbaycanın dünyadakı yüksək nüfuzundan xəbər verir.

Hərəkatda BMT-nin üzvü olan 120 dövlətin birləşdiyini xatırladan politoloq bunun kifayət qədər böyük qüvvə olduğunu vurğulayıb.

"Qoşulmama Hərəkatının dünya siyasətində, beynəlxalq münasibətlər sistemində bir sıra qərarlara təsiredici effekti olmalıdır. Qoşulmama Hərəkatı bir neçə qitədə yerləşən dövlətləri özündə birləşdirən təşkilatdır və yüksək nüfuza malikdir. Onların bir sıra dünya siyasətində baş verən proseslərə təsir gücü artıq dərəcədə effektli ola bilər".



F.Sadıqov qeyd edib ki, Azərbaycanın sözügedən təşkilata 3 illik sədrliyi zamanı bizi narahat edən, maraqlandıran bir sıra məsələlər qaldırıla bilər: "O cümlədən, dünya siyasətində stabillik, təhlükəsizlik, separatçılığa, terrorizmə qarşı ciddi mübarizə və digər məsələləri qeyd edə bilərik. Artıq separatçılıq bir sıra qitələrdə müşahidə olunur və bizi də narahat edən məqamdır. Üzv dövlətlər bu istiqamətdə öz gücünü, öz effektivliyini göstərməlidirlər və göstərirlər. Artıq bir neçə qətnamələr qəbul olunub. Azərbaycanın nüfuzlu təşkilata 3 il müddətinə sədrlik etməsi diplomatik və siyasi uğurdur. Çünki Azərbaycan təşkilatın gənc üzvlərindəndir və 2011-ci ildən hərəkata qoşulub. Bu təşkilata sədrliyin Azərbaycana həvalə olunması bizim yüksək nüfuzumuzdan xəbər verir. Artıq Azərbaycana inanırlar, etimad edirlər. Bir sıra məsələlərin gündəmə qoyulmasını və həll olunmasını gözləyirlər. Azərbaycanın təşkilata sədrliyi dövründə görülən işlər daha da effektli olacaq. Ölkəmizin nüfuzu qalxacaq".



Politoloq hesab edir ki, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında hərəkat mühüm platformadır: "Bu qədər dövlətin rəhbər şəxslərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın reallıqları ilə tanış olması tam maraqlarımıza cavab verir. Biz bu meydandan effektli istifadə edib, öz maraqlarımızı bu ölkələrə çatdırmalıyıq. Eyni zamanda, reallıqları yaymaqla yanaşı, bizi maraqlandıran digər məsələlərlə bağlı qətnamələrin, qərarların qəbul olunmasına nail ola bilərik. İnanıram ki, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi həm bizim üçün, həm də təşkilat üçün faydalı olacaq".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qoşulmama-Hərəkatı  





Xəbər lenti