Rusiya ABŞ-ın Suriyada neft qaçaqmalçılığını sübut etdi - FOTO

Rusiya ABŞ-ın Suriyada neft qaçaqmalçılığını sübut etdi -  FOTO
  26 Oktyabr 2019    Oxunub:8741
Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD terrorçularını məğlub etdikdən sonra Suriyadan neft çıxarıb ixrac etdiyini sübuta yetirən kosmik kəşfiyyat şəkillərini yayıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, nazirlik ABŞ hərbçilərinin himayəsi altında Suriyanın şərqindəki neft yataqlarından yanacaq daşıyan maşınların digər dövlətlərə qaçaq yollarla gətirildiyini bəyan edib.
"Belə karvanlara hər hansı hücum olarsa, dərhal onu qorumaq üçün xüsusi əməliyyat qüvvələri və ABŞ hərbi aviasiyası cəlb olunur", - deyə məlumatda bildirilib.

Həmçinin, neftin istehsalının Qərbin aparıcı şirkətləri tərəfindən verilmiş avadanlıqlardan istifadə edilməklə həyata keçirildiyi vurğulanıb. Bir barel neftin dəyəri 38 ABŞ dollarıdır ki, aylıq gəlir də 30 milyon dollardan çoxdur.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ qoşunlarının karbohidrogen yataqlarını Suriyanın özündən qoruması üçün heç bir qanuni əsas yoxdur.

Daha əvvəl ABŞ hakimiyyəti Suriyanın şərqinə qoşun və tank göndərməyi planlaşdırdığını bəyan edib. Bu, yaraqlıların həmin ərazidə yenidən neft sahələrini ələ keçirməsinin qarşısını almaq istəyi ilə izah edilib.

Suriya parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədr müavini Əmmar əl-Əsəd ABŞ-ın planlarına cavab olaraq Suriyanın öz ərazisindəki bütün neft yataqlarını ölkə hökumətinin nəzarətinə qaytarmaq niyyətində olduğunu söyləyib.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Neft   ABŞ  





Xəbər lenti