Xəzərin ən böyük problemi müzakirə olundu

Xəzərin ən böyük problemi müzakirə olundu
  28 Oktyabr 2019    Oxunub:2406
Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə ETSN-də görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, “Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Azersun Holding” MMC, SOCAR-ın Ekologiya İdarəsi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Siyəzən Broyler”, “Səba” ASC, Qafqaz Konserv zavodu, Bakı Qida və Yağ fabriki, “Azər Yod” MMC, “Yalama Xəzər” Turist bazası, “Lotos”, “Malibu”, “Meşəbəyi”, “Xəzər Palace”, “SunSet”, “Ülfət” və s. idarə, müəssisə və iaşə obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb.

ETSN-nin ətraf mühit üzrə mütəxəssisi Adil Zeynalov jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması mövzusunda Nazirliyin əməkdaşları tərəfindən təqdimat olunub, dənizə mənfi təsirlərin minimuma endirilməsi üçün tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.

Xəzərin çirklənməsinin qarşısının alınması üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, sahibkarların üzləşdikləri çətinliklərin təhlilində ETSN-nin maraqlı olduğu diqqətə çatdırılıb. Xəzəri çirkləndirən obyekt, müəssisə və təşkilatların fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurması, texnoloji yeniliklərin tətbiqi istiqamətində maraqlı və məsul tərəflərlə sıx əməkdaşlıq edilməsi üçün təkliflər və tövsiyələr verilib, qarşılıqlı razılaşma əldə olunub.

ETSN rəsmisi Xəzərin çirkləndirilməsində rolu olan müəssisə və təşkilat rəhbərlərinə bir daha müraciət edərək bildirib ki, müasir texnologiyalar mövcud olduğu halda, bu avadanlıqları quraşdırmağa və onlardan istifadəyə önəm verilmir və bu gün də standartlara cavab verməyən köhnə texnoloji üsullardan istifadə edilir. Əgər qısa vaxt ərzində lazımi işlər görülməzsə çirkləndiricilər barəsində sərt və daha ciddi tədbirlər görüləcək, fəaliyyətlərinin məhdudlaşdırılması üçün məhkəmələrə müraciət olunacaq.

Azvision.az


Teqlər: ETSN   Xəzər   Çirklənmə  





Xəbər lenti