Rəşad Mahmudov: “Tibbin inkişafı bəzən fayda ilə yanaşı zərər də gətirir” – MÜSAHİBƏ

  29 Oktyabr 2019    Oxunub : 9069
 Rəşad Mahmudov: “Tibbin inkişafı bəzən fayda ilə yanaşı zərər də gətirir” – MÜSAHİBƏ
“Ürək-damar xəstəlikləri ilə əlaqədar xaricə gedənlərin sayı 95 faiz azalıb”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun Azvision.az -a müsahibəsi:

- Ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm halları birinci yerdə gəlir. Bu xəstəliklərin artmasının hansı səbəbləri var?

- Ürək-damar xəstəlikləri həm ölkəmiz, həm də dünya üçün ən aktual problemdir. Ölümə səbəb olan ürək-damar xəstəlikləri, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əsas problemi olmaqla yanaşı, eləcə də ürək-damar sistemi (ürək xəstəlikləri, infarktlar, beyindəki insultlar və s.) xəstəlikləri ən çox əlilliyə səbəb olan xəstəlikdir.



-Bu xəstəliklərə daha çox hansı yaş qrupuna aid insanlarda rast gəlinir?

-Ürək-damar xəstəlikləri 2 qrupa ayrılır. Qazanılmış və anadangəlmə. Biz ürəyin işemik xəstəliyindən danışdığımız zaman deyə bilərik ki, bu, infarkta və insulta səbəb olan xəstəlikdir. Bu xəstəliyin müəyyən bir risk qrupu var. Artıq çəkiyə sahib olanlar, idmandan uzaq həyat tərzi yaşayanlar, yüksək təzyiqi, şəkər xəstəliyi və ailəsində genetik xəstəliyi olan insanlar həmin risk qrupuna daxildirlər. Hormonların dəyişdiyi dönəmə qədər, qadınlar əslində ürəyin işemik xəstəliyinə tutulma nisbətinə görə daha şanslıdırlar. Bunun səbəbi estrogen deyilən hormonun qadında olması və ürək-damar xəstəliklərindən qorunma mexanizmi kimi bədəndə iştirak etməsidir. Menapoza girdikdən, yəni 50 yaşdan sonra kişi və qadında bu xəstəliklərə tutulma ehtimalı artır və daha çox 50 yaşdan sonra yaranan xəstəlikdir. Dünyada qlobal dəyişikliklər də buna təsir edir. Belə ki, fiziki işlərdən uzaq, daha çox kompüterdən istifadə olunması, beyin gücünün istifadə olunaraq fiziki gücün azalması, təbii qidalardan uzaqlaşaraq, təbii kimi qəbul etdiyimiz bir çox qidanın içərisinə geni dəyişdirilmiş məhsullardan istifadə xəstəliklərin cavanlaşmasına səbəb olur. Bu, sadəcə bizim ölkəmiz üçün deyil, dünyada da belədir.

Digər məqamlardan biri hazırda insanın günlük qarşılaşa biləcəyi məlumatın miqdarı, bədəndə metabolizmanı pozmaqla onkoloji və ürək-damar xəstəliklərinin artması üçün stress yaradaraq yeni bir risk faktoru ortaya çıxardır. Son 15 ildə ölkəmizdə diaqnostikanın imkanları artır, səhiyyə bəlli sahələrdə inkişafa gedir, daha əvvəl diaqnozu qoyulmayan xəstəliklərin indi artıq diaqnozu tez qoyulmağa başlayır.



- Ürək-damar xəstəliklərinin gəncləşməsi müşahidə olunurmu?

- Bu gün dünyada anadangəlmə ürək qüsurları getdikcə artır, bunun da səbəbi odur ki, tibbin inkişafı bəzən fayda ilə yanaşı zərərlər də gətirir. Əslində bir ailədə uşağın dünyaya gəlməməsi çox zaman genetik yaddaşı təmiz saxlamaq üçün bədənin uşaq olmasına icazə verməməsidir. Bu genetik bir mexanizmdir. Bu gün dünyada tibbin inkişafı ilə birlikdə daha əvvəl övlad sahibi olmayan valideynlərin övlad sahibi olması üçün istifadə olunan dərmanlar, preparatlar bir qədər anadangəlmə ürək qüsurları, eləcə də uşaqların digər qüsurlarla doğulmasına səbəb olan əsas amillərdən biridir. Həmçinin ətraf mühit və qidalanmada olan dəyişikliklər anadangəlmə ürək qüsurlarına artım yaradır. Bu gün dünyada qəbul olunmuş standart odur ki, hər 1000 canlı doğumda, ortalama 8-12 körpədə anadangəlmə ürək qüsurlu olma ehtimalı var. Bu statistika ölkəmizdə də belədir. Ölkəmizdə anadangəlmə ürək qüsurlu körpələrin sayının artmasının səbəbi, daha əvvəl diaqnozu qoyulmayan xəstəliklərin diaqnozunun daha tez qoyulması və əvvəllər xəyalını belə qurmağın mümkün olmadığı ən mürəkkəb xəstəliklərə qarşı əməliyyatların aparılmasıdır. Əlbəttə, müdaxilələr sonrası yaşayan uşaqlar anadangəlmə ürək qüsuru adı ilə uzun illər yaşayırlar. Halbuki onlar daha əvvəl statistikada görsənmirdilər, çünki onlar anadan olduqları zamanı həyatını itirirdilər. Bu da nisbi şəkildə rəqəmin artmasına və ya çox görsənməsinə səbəb olan amillərdən biridir.

- Hazırda səhiyyə sistemində əsas problemlər nədən ibarətdir və bu problemlərin aradan qaldırılması üçün hansı işlər görülməlidir?

- Bugünkü problemlərdən danışıb, gələcək problemlərin həlli istiqamətində fikir yürütmədən əvvəl dünənimizi və bu günümüzü doğru qiymətləndirməliyik. 15-20 il bundan əvvəl xəyalını qurmaq mümkün olmayan tibb müəssisələri arıtq Azərbaycanda var. Tibbi avadanlıqlar və yüksək texnologiyalı texnikalar xəstəxanalarımızda mövcuddur. Əvvəlki illərdə böyrək dializinə ehtiyacı olan insanlar rayondan Bakıya gəlirdisə, indi hər kəs öz yaşadığı rayonda həftədə 3 dəfə dövlət hesabına dializ proqramına girə bilər. Son 15 ildə özümün iştirakı ilə bölgələrimizdə 1000-dən çox açıq ürək əməliyyatının həyata keçirilməsi, bölgələrdə tibbin inkişafında olan nəticələrin göstəricisidir. Onkologiya, talassemiya və digər xəstəliklərdə, əvvəllər xəyalını qura bilmədiyimiz problemlərə həll yolu tapılıb. Amma bunlar hər şeydirmi? Deyil, əlbəttə. Tibb, insan sağlamlığının nisbi bir məfhumu olduğu üçün, bu nisbi məfhumun içərisində keyfiyyətin sərhədi yoxdur. Yəni inkişaf etdikcə yeni inkişaf yolları ortaya çıxır. İnsan ömrü artdıqca daha yeni xəstəliklər ortaya çıxır və tibb bununla mübarizəyə davam edir. Son 25-30 ildə dünya tibb tarixinə baxdığımız zaman tibbin çox sürətli inkişafını görərik. Texnologiyanın hadisənin içərisinə girməsi ilə daha əvvəl mümkün olmayan tibbi müalicələrin həyata keçirilməsi dünya səhiyyəsinin uğuru kimi qəbul olunur.

Səhiyyə sistemində kütləvilik içərisində məmnuniyyət kriteriyalarının bazasını ölçən mexanizmlər olmalıdır. İcbari tibbi sığortaya keçdikdən sonra onun nəticəsində xəstə üçün pulsuz qəbul olunan müalicənin keyfiyyət parametrləri doğru ölçülməlidir. Bunun üçün mütləq standartlar gətirilməlidir. Tibb müəssisələrinin, tibbi xidmətlərin standartları və həkimin istifadə edəcəyi klinik protokollar olmalıdır. Klinik protokollar dediyimiz sənədlər sadəcə kağız üzərində deyil, asan bir şəkildə tətbiq edilə biləcək təcrübəyə malik olmalıdır.

Növbəti il icbari tibbi sığortaya keçid olacaq. Bu məsələdə səhiyyə işçilərinin üzərinə çox böyük məsuliyyət qoyulub. Bu işdə yüksək tibbi xidmətin alına bilinməsi, yüksək tibbi xidmətin içərisində, dünyada başqa ölkələrlə özümüzü müqayisə etdiyimiz zaman heç düşünmədən istədiyimiz zaman öz canımızı Azərbaycan səhiyyəsinə və onun həkiminə təhvil verməklə qürur hissi keçirməyimiz lazımdır. O hisslər üçün görəcəyimiz işlər var. Bundan sonra qazanacağımız uğurlar, bu günə qədər təməli qoyulmuş uğurların, görülmüş işlərin nəticəsi olaraq effekt verə bilər. Bu işdə bütün qurumların iş mexanizminin qurulması çox vacibdir. Burada maliyyə resurslarının doğru istifadəsi, davamlı tibb təhsilinin sistematik şəkildə təşkili çox vacibdir, xəstələrin, həkim və xəstəxanaların haqlarının kriteriyalarının qanunverici bazanın sağlam bir şəkildə qurulması lazımdır. Hamının birlikdə ortaq səyi ilə cızılmış yol xəritəsi üzərində hərəkət edərək bu günə qədər qazandıqlarımızın üzərində daha yeni uğurlara imza ata bilərik.



-Bildiyimiz kimi, Azərbaycanda 2020-ci ildən etibarən icbari tibbi sığorta tətbiq ediləcək. Yeni sistemin nəticəsi necə olacaq, icbari tibbi sığorta gözləntiləri doğruldacaqmı?

- Hər kəs üçün çətin bir yoldur, bu işin uğurlu olması üçün hər birimiz səyimizi ortaya qoymalıyıq. Bunu düşünərək hədəflərimizə doğru gedə bilərik. Bütün ölkə miqyasında icbari tibbi sığortaya keçdikdən sonra yəqin ki, qarşımıza problemlər də çıxacaq və bu problemləri zamanında doğru addım ataraq daha az fəsadla həll etmək olar.

- Son illər regionlarda müasir xəstəxanalar tikilir, ən yeni tibbi avadanlıqlar quraşdırılır. Bəzən tibb işçilərinin fəaliyyəti vətəndaşları qane etmir və bu səbəbdən paytaxta üz tuturlar. Regionda çalışan həkimlərin biliyi yeni avadanlıqlarla işləməyə imkan verirmi?

- Öz təcrübəmdən deyə bilərəm ki, ötən 10 il ərzində ölkənin bir çox regionlarında ən mürəkkəb işləri görərkən qısa müddət ərzində xəstəxanaların real vəziyyəti haqqında daha ətraflı məlumat almaq imkanımız olub. Eləcə də bu xəstəxanalarda çalışan tibb personalı haqqında məlumatımız var. Hal-hazırda regionlarda dünya standartlarına cavab verə biləcək peşəkar həkimlərimiz var və hər bir rayonda hamı tərəfindən bilinir. Bunu birmənalı olaraq təsdiqləyirəm ki, böyük fədakarlıqla əməyini, sənətini ortaya qoya biləcək, illərlə bu yolda əziyyət çəkən insanlar var. Bugünkü tibb müəssisələrində olan tibbi avadanlıqlar, eləcə də tibb personalını yan-yana qoyduğumuz zaman regionlarda bu nisbət, keyfiyyət baxımından xəstəxana və texnologiyada ön plandadır, nəinki ixtisas da. Kütləvilik olduğu zaman bu işlər sadəcə bir bölgənin 2-3 həkiminin işi olmayacaq, mütləq eyni mexanizm üzərində işləyib, yüksək tibbi təcrübəsini ortaya qoya biləcək insanların sayının artırılması lazımdır. Ailə həkimi institutunun yaradılması ilə əlaqədar işlər gedir. Dünya təcrübəsində olduğu kimi peşəkar tibb cəmiyyətlərinin aktiv rolunu təmin etmək bu işin davamlılığının və keyfiyyətinin qorunmasında əsas vasitə ola bilər.



- Bu gün insanlar ürək əməliyyatı üçün əsasən paytaxta üz tuturlar. Bu barədə nə deyə bilərsiniz?

-10 rayon sadalaya bilərəm ki, hələ 2005-ci ildə keçirdiyimiz açıq-ürək əməliyyatları ilə göstərdik ki, bunu etmək mümkündür. Bu gün aktiv və davamlı açıq ürək əməliyyatlarının olduğu, Bakı şəhərini, Naxçıvan Muxtar Respublikasını və Gəncə şəhərini göstərə bilərik. Hazırda bu yerlərdə davamlı olaraq bu proseduralar olur. Bu gün açıq ürək əməliyyatı deyil, kəskin infarkt zamanı stendin anında yerləşdirilməsi proseduru da mövcuddur. Bu, artıq dünyada “stendforlife” proqramı kimi məşhurdur. Yəqin ki, icbari tibbi sığortanın tətbiqi ilə bu proqrama daxil olacağıq. Həmin proqram daxilində istənilən vətəndaşın ağrısı başladığı dəqiqədən etibarən 2 saatın içərisində damarın açılması üçün bir yol xəritəsi müəyyənləşdirilir. Yəni, diaqnoz qoyulur, laboratoriyaya girir və damar açılır. Bu 2 saatlıq hadisəni təmin etmək üçün sadəcə düşünülə bilər ki, bəlkə ölkənin şimalında və ya cənubunda mərkəzi bir hissədə katterizasiya labaratoriyasının qurulması ilk mərhələdə mümkün ola bilər. Bu, artıq problemlərin 90 faizinin həlli deməkdir. Orada fəaliyyət göstərə biləcək kifayət qədər ixtisaslı kadrlar var və onlardan istifadə oluna bilər. Amma bu gün ölkəmizdə yol infrastrukturunun güclənməsini qeyd edə bilərik. Astaradan Bakıya yolun 2 saat olduğunu nəzərə alsaq, eləcə də şimal istiqamətindən yeni avtomobil yolu çəkilir. Təqribən 45 dəqiqəyə sərhəddimizdə ola biləyik. Digər istiqamətə olan yolları da demək olar. Ölkədə istənilən yerə 2, 3 və 4 saata çatmaq mümkündür. İcbari tibbi sığortanın mexanzimi yarandıqdan sonra, hər rayonda açıq ürək-əməliyyatı tətbiq ediləcək və mərkəzə qətiyyən ehtiyac olmayacaq. Dünya praktikasına əsasən, ürək xəstəlikləri ilə effektiv mübarizə proqramı üçün ölkədə hər 1 milyon əhaliyə 1 mərkəzin qurulması bəs edir. Ölkəmizdə 10 milyon əhalinin olduğunu nəzərə alsaq, yüksək səviyyədə təşkil olunmuş 10 mərkəzin olması bu işin effektiv həyata keçirilməsi üçün imkan yaradır. Düşünürəm ki, icbari tibbi sığortanın fəaliyyətə başlaması yeni imkanlar və fürsətlər yaradacaq.



- Vətəndaşlar müalicə almaq üçün müxtəlif xarici ölkələrə üz tuturlar. Əsasən İran və Türkiyəni misal göstərmək olar. Bizim səhiyyə sistemində hansı problemlər var ki, insanlar başqa ölkələrə gedirlər?

- Burada iki amil var. SSRİ dağıldıqdan sonda ilk illərdə Azərbaycan səhiyyəsində bütün sahələrdə olduğu kimi tənəzzül dönəmi hökm sürürdü. Tənəzzül dönəmində tibb müəssisələrinin səviyyəsi çox aşağı düşdü. Səhiyyə elə bir sahədir ki, bir dəfə tənəzzülə uğradısa, onun daha sonra effektinin normal olması üçün azı 25-30 il lazımdır. Həmin illərdə aldığımız zərər birmənalı olaraq uzun illərdən bəri davam edən, Azərbaycan səhiyyəsinə və onun həkiminə qarşı olan inamsızlığın bariz nümunəsidir. 90-cı illərin əvvəlində professional kadrların bu işdən uzaqlaşması, beyin gücü olan insanların başqa sahələrə üz tutması problemlərə səbəb oldu. Eləcə də tibb təhsilin keyfiyyətinin uzun illər dünya standatına cavab verə bilməməsini də xüsusi qeyd etməliyik. Amma 2000-ci ildən sonra ölkənin sabitliyi, iqtisadi gücü və dünyada öz var oluşunu göstərməsi öz nəticəsini göstərməyə başladı.

15 il bundan əvvəllə müqayisə etdiyimiz zaman, indi ürək-damar xəstəlikləri ilə bağlı xaricə gedənlərin sayı 95 faiz azalıb. Son 5 il ərzində 1-2 xəstə ilə qarşılaşıram ki, xaricdə əməliyyat olunub, amma kontrol müayinələri ölkəmizdə keçir. Bu gün müalicə üçün İrana gedənlər bağlı deyə bilərəm ki, bunun bəzi səbəbləri var. Məsələn, iqtisadi vəziyyətlə əlaqədar dollar qarşısında qiymətin düşməsi, özlərinə aid dərman sənayesinin olmasına görə dərman preparatlarının nisbətən ucuz olması hələ də bu tendensiyanın davam etməsinin səbəblərindən biridir. Sual oluna bilər ki, bəs oradan nə üçün bizə gəlmir? İcbari tibbi sığorta var. İcbari tibbi sığortası olan yerdə insalar başqa yerlərə getməzlər. Düşünürəm ki, bu problem icbari tibbi sığorta olduqdan sonra 99 fazi azalacaq. İcbari tibbi sığortada tibbi xidmətin keyfiyyətinə vətəndaşımızı inandırmaq və bunun kütləviliyini saxlamağımız lazımdır. 3-5 həkimin gözəl iş görməsi ilə ölkədə səhiyyə xidmətinin səviyyəsinin yüksəlməsi haqqında danışmaq doğru olmaz. Düşünürəm ki, icbari tibbi sığorta bir çox xəstəlikləri əhatə edəcək.

Müsahibənin davamı olacaq...





Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Müsahibə   RəşadMahmudov