İlham Əliyev: “XXI əsr texnoloji mübarizə əsridir”

İlham Əliyev:  “XXI əsr texnoloji mübarizə əsridir”
  29 Oktyabr 2019    Oxunub:3124
"XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın artıq bir neçə ildir ki, kosmik klubun üzvü olduğunu bildirib:

"Əlbəttə ki, müasir texnologiyaların inkişafı bizim gündəliyimizin əsas məsələlərindən biridir. Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır. Məhz buna görə Azərbaycan yüksək texnologiyaları inkişaf etdirən ölkələrdən biridir. Bundan sonra da kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində əlavə addımlar atılacaq. Siz də qeyd etdiyiniz kimi, hazırda artıq böyük biznes də bu sahəyə çox böyük maraq göstərir. Əslində inkişaf etmiş ölkələrdə müasir texnologiyalar, o cümlədən astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Biz elə etməliyik ki, dünyanın aparıcı biznes strukturlarından hansıların rəhbərləri Azərbaycanda keçiriləcək Konqresdə iştirak edəcək, onlar bu tədbirə qədər ölkəmiz haqqında geniş məlumata malik olsunlar. Ona görə növbəti 2-3 il ərzində sizin və digər aidiyyəti qurumların rəhbərləri gərək bu şirkətlərlə sıx təmaslar qursunlar. Konqresə hazırlıq dövrü elə olmalıdır ki, buraya gələcək qonaqlar artıq bizimlə müəyyən müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olsunlar. Ona görə Konqresin keçirilməsi çox önəmli hadisədir. Ancaq Konqresdən sonrakı dövr də az əhəmiyyət daşımır. Çünki Konqresdən sonrakı dövr Azərbaycanda yeni texnoloji inkişaf dövrü olmalıdır. Əlbəttə ki, genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində son illər ərzində əldə edilmiş təcrübə bizə imkan verəcək ki, Konqres ən yüksək səviyyədə keçirilsin".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti