Əbülfəs Qarayev Badri Maysuradze ilə görüşüb

  29 Oktyabr 2019    Oxunub : 704
Əbülfəs Qarayev Badri Maysuradze ilə görüşüb
Oktyabrın 29-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Badri Maysuradze ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Badri Maysuradze Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı mədəniyyətin ayrı-ayrı sahələri, xüsusən teatr sahəsində yaradıcılıq mübadiləsi ətrafında məsələlər müzakirə olunub.

Nazir Əbülfəs Qarayev diqqətə çatdırıb ki, Azərbaycan Gürcüstanla, eləcə də müxtəlif ölkələrlə mədəniyyət sahəsində layihələr reallaşdırır. Teatr, elmi araşdırmalar, musiqi, rəssamlıq, opera, xoreoqrafiya və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirilir. Yaradıcı gənclər birgə layihələrdə yaxından iştirak edirlər. Birgə tamaşalar, dirijorların orkestrlərlə çıxışları, aktyor və musiqiçilərin səfərləri bu əməkdaşlıq sahəsində mədəniyyətləri bir-birinə yaxın edir.

Nazir qonaqlara ölkəmizin zəngin mədəniyyəti haqqında məlumat verib. Bildirib ki, son illər ölkəmizdə mədəniyyət sahəsinin inkişafı, mədəni irsin qorunması və bu istiqamətdə beynəlxalq əlaqələrə xüsusi önəm verilir.

Qarşılıqlı əlaqələrin perspektivlərindən söz açan Badri Maysuradze vurğulayıb ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir və Gürcüstanın incəsənət xadimləri bu festivallarda hər zaman fəal iştirak etməyə hazırdır.

Görüşdə iştirak edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də ölkələrarası əlaqələrdə mədəniyyətin xüsusi yeri olduğunu vurğulayıb, səfirlik olaraq bu yöndə layihələrə dəstək verdiklərini deyib.

Sonda hər iki ölkənin rayonlarında qarşılıqlı mədəniyyət dərnəklərinin yaradılması istiqamətində yeni layihələr və müxtəlif istiqamətlərdə kadr hazırlığı sahəsində görülə biləcək işlər haqqında söhbət aparılıb.

Azvision.az

Teqlər: ƏbülfəsQarayev   BadriMaysuradze