Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbləri

  30 Oktyabr 2019    Oxunub : 1149
Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbləri
Azərbaycanda 30 yaşdan yuxarı insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, Azərbaycanda insanlar arasında qeyri-yoluxucu xəstəliklərdən ən geniş yayılanı hipertoniya (qan təzyiqinin yüksəlməsi) xəstəliyidir:

"Bu da insanlarda insult və ürək qan-damar xəstəliklərinə səbəb olur. Növbəti sırada şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləri gəlir. Qeyri-yoluxucu xəstəliklər adətən genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, hava kirliliyi, spirtli içkilərin zərərli istifadəsi, qeyri-sağlam pəhriz qeyri-yolxucu xəstəliklərdən əziyyət çəkən insanların sayında artıma səbəb olur".

ÜST rəsmisi əlavə edib ki, Avropada ölümlərin təxminən 90%-ni təşkil edən qeyri-yoluxucu xəstəliklər əhalinin rifahının, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinə, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir:

"Bu yük aşağı və orta gəlirli ölkələrdə qeyri-bərabər dərəcədə artmağa davam edir. Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişir. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var. Yüksək təsirli qeyri-yoluxucu xəstəliklərin müdaxilələri erkən diaqnoz və vaxtında müdaxilə ilə ilkin səhiyyə xidmətləri vasitəsilə həyata keçirilə bilər. Qeyri-adekvat tibbi sığorta təminatı olan ölkələrdə təməl qeyri-yoluxucu xəstəliklər müdaxilələrinə universal əlçatanlığı təmin etmək qeyri-mümkündür".

Aytən Zəhra
Azvision.az

Teqlər: ÜST   Xəstəlik   Ölüm