Yararsız avtomobillərin utilizasiyası proqramı hazırlanır

 Yararsız avtomobillərin utilizasiyası proqramı hazırlanır
  31 Oktyabr 2019    Oxunub:2645
"Son illərdə böyük şəhərlərdə köhnə istehsalatlardan atmosfer havasına axıdılan tullantıların sayı azalıb. Bu da köhnə müəssisələrin sayının azalması, bağlanması ilə bağlıdır. Yeni müəssisələr isə təbiətə dost texnologiyalar əsasında qurulur".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Sumqayıt bir neçə il ərzində atmosfer havası baxımıdan problemli nöqtədən təmiz havası olan şəhərə çevrilir: "Sumqayıt köhnə istehsalatlar artıq fəaliyyət göstərmir. Sumqayıtda bu gün keçmişdə narahat edən çirklənmənin qabağı alınıb. Atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub".

Nazir qeyd edib ki, hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır. O bildirib ki, avtomobil parkının köhnəlməsi intensiv şəkildə gedir.

"2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb. Nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır", - deyə M.Babayev bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ekologiya   Nazir  





Xəbər lenti