Milli parklara səfər edən turistlərin sayı 3 dəfə artıb

  31 Oktyabr 2019    Oxunub : 578
Milli parklara səfər edən turistlərin sayı 3 dəfə artıb
2019-cu il üzrə meşələrə qulluq məqsədilə tədarük olunan 62 min m3 oduncaq qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, Təhsil, Səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı kimi verilir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkə ərazisinin 95%-nin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb.

"Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğından təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki , Qax, OğuzQəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır".

Nazir bildirib ki, milli parklara bu ilin 9 ayı ərzində 82680 nəfər səfər edib: "Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl milli parkına turist marağı qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli Parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: Muxtar-Babayev