“BMT ilk gündən məcburi köçkünlərə dəstək göstərib” - Qulam Isakzai

“BMT ilk gündən məcburi köçkünlərə dəstək göstərib” -    Qulam Isakzai
  01 Noyabr 2019    Oxunub:1871
"Hazırda Azərbaycanda 600 mindən çox köçkün müəmmalı vəziyyətdə yaşayır, yəni onlar öz doğma yurdlarına nə zaman qayıdacaqlarını bilmirlər. Düzdür, bu təbəqənin böyük qismi rahat, isti evdə yaşayır. Lakin unutmamalıyıq ki, çox sayda insan hələ də tam standartlara uyğun olmayan şəraitdə yaşayır"
Azvision.az xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam Isakzai deyib. Onun sözlərinə görə, yeni qəsəbələrə köçürülməyən insanların problemləri həll edilməlidir.

"Biz çalışmalıyıq ki, onların şəraitini nisbətən yüngülləşdirək. BMT olaraq Azərbaycanın məcburi köçkünlərə göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk. Son 27 ildə Azərbaycanda məcburi köçkünlərlə bağlı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi məsələlərdən biridir. BMT ilk gündən məcburi köçkünlərə dəstək göstərib və BMT-nin bir neçə qurumu bu işdə iştirak edib. Atəşkəs imzalandıqdan sonra BMT yenə də qaçqınlara dəstək göstərməkdə davam edib".

BMT rəsmisi bildirib ki, məcburi köçkünlər arasında işsizlik səviyyəsi bir qədər yüksəkdir: "BMT Azərbaycan hökuməti ilə tərəfdaşlıq proqramı üzərində iş aparır. Biz çalışırıq ki, həmin proqram çərçivəsində məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll edək. BMT-yə daxil olan bütün qurumlar bu prosesə öz dəstəyini göstərməlidir. Çünki biz məcburi köçkünlərləri həssas qrup hesab edirik. Çalışmalıyıq ki, həssas qrup nümayəndəsi olaraq məcburi köçkünlərə yardımımızı əsirgəməyək. Onlar cəmiyyətin sosial-iqtisadi həyatından təcrid olunmamalıdırlar, inkluzivlik artırılmalıdır".

Q.Isakzai əlavə edib ki, BMT Qaçqınların və Məcburi Köçkünlərlərin İşləri üzrə Dövlət Komitəsinə və digər qurumlara potensialın artırılmasına dəstək göstərməyə davam edəcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: BMT  





Xəbər lenti